Öyrətmirəm əl çəkin... - FELYETON

21 Yanvar 2022 15:18 (UTC+04:00)

Ay həzərat, məmləkətimizdə hesaba gəlməz sayda məktəblər balaların, vətən övladlarının qulluği-şərifindədir, hansıki, yeni bina edilən, təmir edilən bu elm ocaqlarına baxanda adamın sədəf dəhanından bədahətən, “əlhəq, əlhəq, gözəl binasən!”, kəlmələri çıxır. Bax, elə bu səbəbdəndir ki, hər kəs cani-könüldən, “ey gözüm, ey canım, get məktəbə cavanım!”, deyə balaları uşkola göndərir. Çün bu balaların elm ilə təşviq olunmasına şəraitin olmasına zərrə qədər şəkk-şübhə yoxdur. Fəqət əfsus ki, “nə dərs olaydı, nə məktəb, nə elmü-sənət olaydı, nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!”, deyənlər də varmış. “Bu bişüurların ağlına, kamalına bax bir, qadam kəmalınıza, bari sizdə qeyrət olaydı”, deməyim gəlir.

Əlqərəz, uşkolda ümumi tədrisənin istədiyimiz kimi olması üçün bizə müsaidə edildi və əcəba bundan nə nəticə hasil oldu? Bunu bəlli etmək heç də müşkül sayılmaz, bir halda ki, təhqiq və tədqiq etmək kimi imkanımız, məramımız var.

“Uşkol gedən balam vay”, deyən, ahu-nalə edən fəqir-füqəra hardan biləydi ki, günlərin bir günündə, “qoymaram məktəbə, bir qabil uşaqdır uşağım”, deməyinə ehtihac, filan qalmayacaq. Xülasə, ərz edim ki, dəxi bundan sonra “oxutmuram əl çəkin”, kimi bir xitab olunmaz, çün, uşkol getmək vacib əməllər sırasında bulunmur. Bir ərbab övladının kamala çatmasına çalışırsa, əli cibində olar və indi uçitelə, uşkola yox, repetitor deyilən bir babaya müraciət etsə yetər.

Mərhəba! Səd mərhəba!.. Əcnəbilər seyrə balonlarla çıxarkən, elm-irfandan imtinamı olundu? Fəqət, “elmdə mahir olalar, fəzldə bahir olalar, geyələr don, gedələr məktəbə on-on”. “Qəm yemə, səbr et, bu da, yahu, keçər!”, deməyə tələsməyin. Zənn edəlim ki, “adəmi adəm eyləyən paradır, parasız adəmin üzü qaradır”, əcəba, övladi-bəşərə elm-irfan da verən para oldumu? “Çatlayır, Xanbacı qəmdən ürəyim, qavışıb lap acığımdan kürəyim”, məni qınamayın. “Mən hələ dörddə birin yazmayıram”, yazmış olsam gör nə göftigulər qopar.

“Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə”, deyənlərin olacağı əşhədü-billah məlum məsələdir. Hərçənd, bunu sual etmək istəyənlərə mən də bəyan etmək istərdim ki, indi valideyin, “oxutmuram əl çəkin” demir, az qala, uşkolda uçitel, öyrətmirəm əl çəkin, deyir ki, bəndeyi-fəqirlərin hərəsi bir mürəbbiyə, yəni, dövrün, zamanın dili ilə desək, bir repetitor tutub, para müqabilində övladlarını təhsilli, kamallı etsinlər.

Bax, “budur aləmi-nisvan, budur hali-müsəlman“. Heç şübhə etmərik ki, bizə nə, deyənlər də bir gün giriftar olar əlbət bu xüsusda. “Bizlərə dəxli nədir yoxdur əgər çarələri, qoy ağarsın füqəra gözlərinin qarələri”, deyən övladi-vətən üçün demək istərdik ki, “bimərhəmət əyanlarına şükr, xudaya!”.