Ərzaq təhlükəsizliyi və qiymət artımına həsr olunmuş müşavirə keçirilib TƏHLİL

21 Yanvar 2022 15:10 (UTC+04:00)

Prezident İlham Əliyev: "Çörəyin qiymətinin qalxması qaçılmaz idi"

Prezident İlham Əliyev ölkə televiziyalarına müsahibəsində unun bahalaşması faktına münasibət bildirib: “Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfi idi. Ona görə ki, biz ən ucuz buğdanı Rusiyadan alırıq. Orada həm qiymətlər artmışdı, həm də ixrac rüsumları artmışdı və artmaqda davam edir. Və təbii ki, süni şəkildə çörəyin qiymətini biz əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda burada dövlət orqanlarının tənzimləyici rolunu gücləndirərək ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, təqüdlər, sosial müavinətlər artdı. Bütövlükdə bunlar bizə 1.5 milyard manata başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının, elə bil ki, təzminatı kimi qiymətləndirilə bilər”.

Bu gün Azərbaycanın son 18 ildə əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bilavasitə həyata keçirdiyi düşünülmüş siyasətlə bağlıdır. On səkkiz il... Bu on səkkiz il ərzində Azərbaycanda həyat günbəgün dəyişir, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Və bu gün Azərbaycan vətəndaşı bu uğurları görür və 2022-ci ilin də zəfərlər ili olacağına və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."

Bəli, bu gün ölkənin iqtisadi göstəricilərinə diqqət yetirsək, o zaman Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş keçirilən müşavirədə Baş nazir Əli Əsədov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata neqativ təsirləri minimuma endirilmişdir. 2021-ci ilin makroiqtisadi göstəricilərinə nəzər salan Baş nazir Ümumi Daxili Məhsulun 5,6% artdığını, onun həcminin 92,8 mlrd. manat təşkil etdiyini bildirdi. Vurğulandı ki, qeyri-neft sektoru üzrə artım 7,2% olmuş, sənaye istehsalı 5.2%, qeyri-neft sənayesi isə 18,9% artmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötdüyü və xarici dövlət borcunu 6 dəfədən çox üstələdiyi bildirildi. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.

Qeyd olundu ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etmişdir. İnflyasiyanın illik səviyyəsi 12% olmuşdur. Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Bildirildi ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir.

Bildirildi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olmuşdur. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur. Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artmışdır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirdi. Vurğulandı ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artmışdır. Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü də vurğulandı.

Ekspert: “Qlobal ərzaq inflyasiyası Azərbaycanda qiymətlərin formalaşmasına təsir göstərəcək”

İqtisadçı-ekspert Amal Həsənli sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır.Onun sözlərinə görə, ötən il hökümət tərəfindən makroiqtisadi sabtiliyin təmin olunması istiqamətində görülən kompleks tədbirlərə baxmayaraq dünya iqtisadiyyatında cərəyan edən təlatümlərin təsirlərindən tam şəkildə qorunmaq mümkün olmadı. "Ötən ilin nəticələrinə görə, ölkəmizdə orta illik inflyasiya 6,7 % həddində qərarlaşıb. İnflyasiyanın illik səviyyəsi isə 12 % olub. Xüsusilə ərzaq məhsulları 8,1 % bahalaşıb. Dünyanın aparıcı iqtisadiyyatlarında ən yaxşı halda oxşar proseslər gedib. Bəzi ölkələrdə inflyasiya səviyyəsi 30-40 ilin maksimumlarını təzələyib. Ölkəmizdə vəziyyətin nisbətən yaxşı olması, ilk növbədə, hökumətin milli iqtisadiyyata qlobal təsirlərin minimuma endirilməsi istiqamətində atdığı addımların nəticəsi oldu. Belə ki, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilə kimi ilədək uzadıldı. Nəhayət iri taxıl istehsalçılarının maliyyə vəsaitlərinə əlçatanlığını artırmaq üçün onlara Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizlərlə kreditlərin ayrılması təmin olundu. Nəzərə almaq lazımdır ki, hər zaman yaranmış situasiyadan öz möhtəkir məqsədləri üçün istifadə etmək istəyənlər olub və olacaqdır. Bu tip hallardan maksimal dərəcədə sığortalanmaq üçün dövlət inzibatı alətlərini işə salmalı oldu. Ölkə üzrə unun satışı, çörəyin çəkisinin və qiymətinin gündəlik rejimdə monitorinqinə başlanıb, nəzarət tədbirləri daha da gücləndirib", - deyə A. Həsənli bildirib.

Ekspert diqqətə çatdırıb ki, ərzaq məsullarının qlobal miqyasda bahalaşmasının fundamental səbəbləri aradan qaldırılmayıb: «Bu, bahalaşma prosesinin hələ bir müddət qalıcı olacağını deməyə əsas verir. Belə ki, 2022-ci ildə buğda, qarğıdalı, düyü, soya və digər kənd təsərrüfatı məhsullarının qiymətinin necə olacağına təsir edəcək bir sıra səbəblər var. Bunlardan ilk olanı və ən az proqnozlaşdırıla biləni havadır. O, aqrar sektor üçün ən az təxmin edilən olub. Son illərdə isə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq ekstremal hava şəraitinin intensivliyi və gücü xeyli artıb. Ötən ildə bu mənada istisna təşkil etməyib. 2021-ci ildə dünyanın bir çox regionunda quraqlıq, şaxta, leysan kimi ekstremal hava şəraiti müşahidə edilib. Bütün bunlar məhsuldarlığa ciddi şəkildə təsir etdi. Ona görə bu faktor hər zaman bazara volatillik gətirəcək. Taxıl bazarında qiymətlər, ilk növbədə, əsas-ixracatçı ölkələrdə hansı həcmdə məhsul yığılacağından asılı olaraq formalaşacaq.İkinci mühüm faktor inflyasiyadır. Pandemiya başlayandan bu yana bütün ölkələr onun fəsadları ilə mübarizə aparırlar, o cümlədən iqtisadiyyata əlavə yatırımlar edirlər. Uçot dərəcələrinin düşməsi, əlavə emissiyalar bütün bu faktorlar inflyasiyanın artmasına gətirib çıxarıb. Son aylarda yanacaq, elektrik enerjisi və gübrələr kəskin bahalaşıb. Bu aqrar məhsulların qiymətlərinin sonrakı artımını stimullaşdıracaq".

Ekspert onu da vurğulayıb ki, pandemiya müxtəlif yüklərin vaxtında çatdırılmasında çoxsaylı problemlər yaratdı: «Əksər ölkə sərhədlərini bağladı. Bundan başqa bir çox ölkə ərzaq ehtiyatı yaratmağa başladı ki, bu da bazarda çatışmazlığın yaranmasına gətirib çıxardı. İxacatçı ölkələr daxili bazarı qorumaq üçün ərzaq ixracını məhdudlaşdırdılar. Bu da qiymət artımına səbəb oldu. Məsələn 2021-ci ildə qarğıdalı və buğda 20 % bahalaşıb. Yəni sadalanan səbəblər aktuallığını saxlayır, bu da ən azı yaxın perspektivdə bahalaşmanın davam edəcəyini deməyə imkan verir".

İqtisadçı-ekspert Xalid Kərimli: “Dünyada ərzaq və qeyri-ərzaq məhsul qiymətləri artmaqda davam edəcək”

İqtisadçı-ekspert Xalid Kərimli isə hesab edir ki, dünyada ərzaq və qeyri-ərzaq məhsul qiymətləri artmasının əsas səbəbi COVID-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətlərdir. Qlobal qapanma iqtisadiyyatda dəyər yaratmaq zəncirində problemlər yaratdı. Dünya ticarətinin 80 faiz payını təşkil edən dəniz daşımaları beş dəfə artıb. Ekspert qeyd edib ki, Azərbaycanda qiymətlərin artmasının səbəbi idxal hesabına ölkəyə daxil olan dünya inflyasiyasıdır. Ona görə də ölkədə qiymət artımı qaçılmazdır. "Dünyada qiymətlərin artımının dayanması 2022-ci ilin ikinci yarısında baş verə bilər: hazırkı qiymət artımı ilin birinci yarısında davam edəcək. Bu, ilin ikinci yarısında dayanacaq", - ekspert əlavə edib.Ərzaq qiymətlərinin artımı problemi ilə dünyanın demək olar ki, bütün ölkələri üzləşib və Azərbaycan da istisna olmayıb. İlk növbədə, ilkin zərurət və istehlakçı təyinatlı məhsulların qiymət artımını qeyd etmək lazımdır. Azərbaycan da digər ölkələr kimi bu məhsulları idxal edir. Tədarük zəncirində qırılmalar nəticəsində yük daşımalarının da qiyməti artıb. Bundan başqa, dəniz yük daşımalarının qiyməti də artıb ki, bu da ilkin zərurət və istehlakçı təyinatlı məhsul qruplarının qiymət artımına ciddi təsir göstərir.Bir sözlə, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da unun, eləcə də çörəyin qiymətində artımı ilə bağlı dövlət tərəfindən görülən müəyyən tədbirlər bundan sonra da davam etdiriləcək.

RƏFİQƏ KAMALQIZI