Ermənistanın 2050-ci il strategiyası: Görmək üçün yaşamaq lazım - SKEPTİSİZM

21 Yanvar 2022 17:53 (UTC+04:00)

Ermənistanda təkcə maddi tükənmə yox, mənəvi deqradasiya da baş alıb gedir. İnsanlar sabaha ümidlərini müharibə ilə birgə dəfn ediblər. Hakimiyyətin yalanları artıq bütün sədləri aşıb. İmkanı çatan erməni Ermənistanı tərk edir. Son rəsmi statistikaya görə, Ermənistanda 2,9 milyon insan qalıb. Real rəqəm isə bundan çox aşağıdır. Dünya Bankının məlumatına görə, hazırda keçmiş SSRİ-nin bütün respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir - 20,21%. Baxmayaraq ki, məsələn, qonşu Gürcüstanda bu rəqəm təxminən iki dəfə aşağıdır - 12%. Yəni, son il yarım ərzində Ermənistanda iqtisadi vəziyyət təkcə pisləşməyib, lap quyunun dibinə düşüb. İqtisadiyyat naziri Kerobyan isə 2021-ci ildə Ermənistanın ikirəqəmli iqtisadi artıma sahib olacağını deyib.

Ölkənin iri müəssisələri xarici şirkətlərin üzünmüddətli icarəsinə verilib və burada da işlər qaydasında deyil. İstehsal olunmuş məhsulların satış bazarı olmadığıma görə şirkətlər sürətlə müflisləşir, mütəxəssislər xarici ölkələrə köç etmək zorunda qalırlar.

Paşinyan isə erməni xalqının istəkləri ilə bağlı spekulyasiyalara əl atır. Məqsəd sadədir, hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaq. Müharibədən bir həftə əvvəl, 21 sentyabr 2020-ci ildə Ermənistanın "Müstəqillik Günü"ndə Nikol Paşinyanın hay-küylə elan etdiyi "Ermənistanın 2050-ci ilə qədər transformasiya strategiyası"nı xatırlayırsınız? Ötən bu müddət ərzində erməni dövlətlərinin və erməni xalqının başına o qədər müsibətlər gəlib ki, hökumətin 2050-ci illə bağlı arzularını çətin ki kimsə anlasın və yaxud onun reallaşmasını gözləsin. Ermənilər ancaq sabaha qədər yaşamaq barədə düşünürlər, on illərlə gözləmək isə özünü aldatmaqdan başqa bir şey deyil. Ancaq məlum olur ki, Nikol Vovaeviç özü öz dediklərinə, imzası ilə təsdiq etdiyi strategiyaya o qədər inanır ki...

Baş nazirin sözlərinə görə, onun bu müddət ərzində apardığı müşahidələr və strategiya ilə işləməsi onu göstərir ki, bu sənəd nəinki aktuallığını itirməyib, əksinə, o vaxtkı kimi aktualdır. Göründüyü kimi, Paşinyan və kabinetin digər üzvləri sanki paralel kainatda yaşayır və onların reallığı ölkə, onun əhalisinin reallığından tamamilə fərqlidir. Yaxın gələcəkdə iqtisadiyyatda vəziyyətin yaxşılaşacağına ümid etmək isə sadəcə, ağılsızlıq olardı.

Yeri gəlmişkən, diqqət yetirin, ölkədə işsizliyin səviyyəsi miqrasiyanın artması ilə paralel gedir. Artıq Ermənistanın hər dördüncü sakini ölkəni birdəfəlik tərk edir. Bu, müxtəlif səbəblərdən baş verir - yeni müharibə təhlükəsi, sonu görünməyən iqtisadi çətinliklər, özü və övladları üçün perspektivlərin olmaması. İnsanlar milli rüsvayçılıq, müharibədəki məğlubiyyət səbəbindən pessimizmdən qurtula bilmir. Və bu düşüncə ilə də iqtisadiyyatdan inkişaf gözlmək mümkün deyil. Raradoksa baxın, miqrasiyaya baxmayaraq, ölkədə hələ də hamı üçün kifayət qədər iş yeri yoxdur. Əslində isə, bu müasir Ermənistanın acınacaqlı reallıqlarıdır. Baş nazir 3 milyona yaxın əhalisi olan ölkəsində 1,5 milyon yeni iş yerinin açılacağını vəd edir. Buna inanmaq olarmı, Paşinyan kimi aldadır? Erməni əhali yaxşı başa düşür ki, Paşinyan strategiyasının 2050-ci ilə qədər reallaşacağını deməklə əslində "Ermənistanın inkişaflı gələcəyini unudun" söyləmək istəyib.

Maraqlıdır, Paşinyan öz iddialı planlarını necə, nəyin hesabına və kimin hesabına həyata keçirəcək? Axı, hətta 2020-ci ilin sentyabrında bu planlar praktiki olaraq qeyri-mümkün görünürdü. İndiki vəziyyətdə isə ermənilər buna sadəcə, susur, məxməri inqilabın müəllifi - baş nazirin xəyalları dalıca qaçmaqda davam edirlər. Hara qədər, kimsə bilmir.

Paşinyan strategiyadan, ölkəsinin 2050-ci ilə qədər nəinki Cənubi Qafqazın, ö cümlədən postsovet məkanının ən inkişaf etmiş ölkəsi olacaqları barədə yalanlar uydurur. Praktik cəhətdən bu, mümkündür. Amma söhbət Ermənistandan gedirsə, burada böyük tərəddüdlər var. Çünki, ağır durumda olan Ermənistanı 2020-ci ilin iqtisadi durumuna çatdırmaq üçün ən azından 30 il vaxt lazımdır. Həm də güclü iqtisadi investisiyalar yatırmaq, meqalayihələr həyata keçirmək qaçılmazdır. Amma heç bir perspektivi olmayan bir ölkəyə milyardlarla dollar maliyyə yatırmağı kimsə qəbul edə bilməz. Nə ABŞ, nə Rusiya, nə də Fransa Ermənistana münasibətdə yeni Marşal planını qəbul etməyi də düşünmürlər. Bəs Paşinyan Ermənistanın sıçrayışlı inkişafı üçün hansı resurslardan istifadə etmək niyyətindədir?

Bir sözlə, Paşinyanın Ermənistanın 2050-ci ilə qədərki "İnkişaf Strategiyası" mövzusuna qayıtması erməni xalqının istəkləri üzərində standart spekulyasiyasıdır. Ölkədə vəziyyət hər gün pisləşir, insanlar Ermənistandan sanki batan gəmidən siçovulun qaçdığı kimi qaçır, yerdə qalan kütlə isə kəskin narazılıq nümayiş etdirir. Hakimiyyətin mövqeyi getdikcə daha zəifləyir və buna görə də onu qorumaq üçün Paşinyan növbəti dəfə populizmə əl atır. Özü də hər şeyi mükəmməl başa düşür, amma gücün dadını hiss edərək, artıq onu vermək istəmir. Ermənistanın bütün rəhbərlərinin bəlası bu idi. Özləri də sözlərinə, vədlərinə inanmırlar, amma insanları inandırmağa çalışırlar. Paşinyan da istisna deyil. O, ermənilərə Ermənistanın 2050-ci ilə qədər nail olmalı olduğu meqa məqsədləri təsvir edir. Amma söz vermir ki, ermənilər onu görə biləcək, deyir yaşaya bilsəniz görəcəksiniz.

V.VƏLİYEV