Avropa Parlamenti Qazaxıstanı sanksyalarla hədələyib

21 Yanvar 2022 07:17 (UTC+04:00)

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda son etirazlar və iğtişaşlarla əlaqədar Qazaxıstanda insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə bağlı səs çoxluğu ilə qətnamə qəbul ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, qətnamədə ciddi insan hüquqları pozuntularına görə Qazaxıstan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış yer alıb.

Sənədi səs verən 671 deputatdan 589-u dəstəkləyib, 35 deputat əleyhinə çıxıb, 47-si bitərəf qalıb.

Avropa Parlamentinin qətnamələri deklarativ xarakter daşıyır və məcburi deyil, lakin Aİ institutları və Avropa ölkələri onları nəzərə alır.

Qətnamədə deputatlar, xüsusilə, Avropa İttifaqı (Aİ) Şurasını 2022-ci ilin yanvarında etirazlar zamanı yol verilmiş ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan yüksək vəzifəli Qazaxıstan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıblar.