Belarusda referendum fevralın 27-nə təyin edilib

20 Yanvar 2022 23:54 (UTC+04:00)

Belarus Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtı məlum olub.

SİA xəbər verir ki, referendumla bağlı müvafiq sərəncamı ölkə Prezidenti Aleksandr Lukaşenko imzalayıb.

Sənədə uyğun olaraq, Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı respublika referendumu 2022-ci il fevralın 27-nə təyin edilib.

Fərmanda referenduma çıxarılan və səsvermə bülletenində əks olunan sualın mətni müəyyən edilir: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”.

Seçki Məcəlləsi ilə müəyyən edilmiş tələblər nəzərə alınaraq, referendumda qəbul edilmiş qərarın məcburi hüquqi qüvvəsi müəyyən edilib.

Ötən il dekabrın 27-də Belarus Konstitusiyasına əlavə və dəyişikliklər layihəsi ictimai müzakirəyə çıxarılıb. Yanvarın 18-də dövlət başçısı ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş müşavirə keçirib.

Sənəd prezidentin səlahiyyətlərinin azaldılmasını təklif edir və onun səlahiyyət müddətini iki müddətlə məhdudlaşdırır. Əsas qanun layihəsində ölkənin inkişafının prioritetləri müəyyən edilib, vətəndaşların hüquq və vəzifələri aydınlaşdırılıb. Sənəd qəbul olunarsa, keçid dövrü bütün dövlət orqanlarının hazırkı səlahiyyət müddəti başa çatana qədər qüvvədə olacaq.