Azərbaycanın xarici işlər naziri OPEC-in Baş katibi ilə görüşüb

20 Yanvar 2022 23:08 (UTC+04:00)

20 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüş çərçivəsində Baş katib Azərbaycan ilə əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan dövlət başçısı İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladı. Bu təşəbbüsün OPEC-ə üzv olan və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğu və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-ci ilin dekabr ayında OPEC Plus formatının yaradıldığını qeyd etdi. Baş katib OPEC Plus formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söylədi.

Nazir Ceyhun Bayramov OPEC Plus formatında uğurlu əməkdaşlığımızdan danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd etdi. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi altında OPEC Plus formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirdi.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.