“Azərbaycanın 20 Yanvar hüzn günü Türkiyə üçün də Qara Yanvardır” - Şamil Ayrım

20 Yanvar 2022 20:46 (UTC+04:00)

"20 Yanvar 1990-cı il türk dünyasının yaşadığı və heç vaxt unutmadığı ən ağrılı günlərdən biridir”. SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Partiya millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım TBMM-də Azərbaycanın 20 Yanvar Hüzn Günü ilə bağlı çıxışında səsləndirib.

32 il öncə yanvarın 19-dan 20-nə keçən gecə tənəzzülə uğramaqda olan sovetlər imperiyasının XI Qızıl Ordusu tanklarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsini ifadə edən millət vəkili bu hadisələr zamanı 137 nəfərin öldürüldüyünü, 700 nəfərin yaralandığını vurğulayıb.

TBMM millət vəkillərinə müraciətində Şamil Ayrım Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvar hadisələrilə bağlı xatirələrini də paylaşıb: “Mərhum şairimiz Bəxtiyar Vahabzadə o günü belə ifadə edib: 1990-cı il yanvarın 19-da gecə saat 12:00 radələrində ən müasir silahlarla təchiz edilmiş rus ordusu Bakıya daxil olaraq torpağımızı yalın əli ilə müdafiə etmək istəyən oğul-qızlarımızı al-qana boyadılar. İki yüz ilə yaxın bir zamandan bəri torpaqlarımızı müstəmləkələrinə çevirib ələ keçirikləri "qara qızıl"ımız - neftimizlə bərabər al-qanımızı da axıtdılar”.

Türkiyəli millət vəkili deyib ki, yaşanan bu ağır hadisələr təkcə Azərbayca xalqının deyil, Türkiyədə yaşayan vətəndaşlarımızın da ağır dərdinə çevrilib: “Uşaqların, gənclərin, qocaların, qadınların, kişilərin, silahsız, günahsız dinc insanların amansız qətliamlarını, “20 Yanvar faciəsi”nin ağrı-acısını unutmaq olarmı? Biz bu kədəri, ağrını hər zaman qəlbimizdə daşımışıq və daşıyacağıq. Azərbaycanlı qardaşlarımızın dediyi kimi, “Qara Yanvar” bizim üçün də qara gündür”.

Millət vəkilinin fikrincə, 20 Yanvar Azərbaycanın müstəqillik yolunda mühüm, tarixi bir dönüş nöqtəsidir: “Bu haqsız işğal Azərbaycan xalqının müstəqillik ruhunu heç vaxt məhv etmədi. Əksinə, Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizələrindən bir addım da geri çəkilməyəcəklərini bütün dünyaya nümayiş etdirdilər.

Qərb dünyası hər zaman olduğu kimi, o vaxt da Qara Yanvar hadisələrinə biganə qalmaqla kifayətlənmədi, Sovetlər İttifaqının rəhbəri Mixael Qorbaçova Nobel Sülh Mükafatı verməklə bu qəitlı tördənləri də mükafatlandırdı.

İmperialist qüvvələr Azərbaycan vətəndaşlarının qanını tökməklə Azərbaycanı məhv etmək məqsədi güdsələr də, Azərbaycan 1918-ci ildə əldə etdiyi müstəqilliyinin küllərindən yenidən alovlanaraq azadlığına qovuşdu”, deyə millət vəkili bu fikirlərini qürurla səsləndirib.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunduğunu qeyd edən Şamil Ayrım bu müstəilliyi tanıyan ilk ölkənin Türkiyə olduğunu da xatırladıb: “Bu coğrafiya ağrılarla yoğrulmuş əhəmiyyətli bir mövqedədir. Azərbaycan Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. Bütün dünya ölkələri iki ölkə arasında münasibətlərin hər dəqiqə yaxşnılaşdığına şahid olur”.

“20 Yanvar Hüzn Günündən sonra ürəklərdə yanan müstəqillik atəşi sönmədi, bu atəş 2020-ci ilin noyabrında Azərbaycanın haqlı mübarizəsilə alovlandı, Türkiyənin Azərbaycanın yanında ləyaqətli mövqeyi də 30 illik işğala son qoyulmasına rəvac verdi və Azərbaycan öz haqlı mübarizəsini zəfərlə taçlandırdı”, deyə çıxışını davam etdirən millət vəkili Azərbaycan dövlətinin bununla da öz layiqli müstəqilliyini bərpa etdiyini və günü-gündən daha da inkişaf etdiyin bildirib: “Bakının ən yüksək zirvələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs yerə çevrilmiş bir məkan var: Bu, 20 Yanvar qurbanlarının və təcavüzkar Ermənistanın hərbi hücumuna qarşı döyüşlərdə şəhid olanların dəfn olunduğu Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini ehtiramla yad edir. İllər keçəcək, nəsillər dəyişəcək, lakin vətən övladlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.

Türkiyə-Azərbaycan Parlamentlərarası Döstluq Qrupunun rəhbəri çıxışını belə tamamlayıb: “Biz Azərbaycanla bir millət, iki dövlət olaraq sevinci də, kədəri də birgə yaşadıq və yaşayırıq. 20 Yanvar Hüzn Günü ilə əlaqədar bütün Azərbaycan xalqına və türk dünyasına bir daha başsağlığı verirəm. Qara Yanvar qətliamını şiddətlə qınayır, bu qətliamda həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm”.

Unutmayaq ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!

Sevil Hilalqızı Ünal