Xalq anladı ki, öz taleyini müstəqil həll etməlidir - DEPUTAT ŞƏRH ETDİ

20 Yanvar 2022 18:15 (UTC+04:00)

"20 Yanvar hadisələrinin çox böyük əhəmiyyəti oldu. Birincisi ümumdünya əhəmiyyəti kəsb edir. Bu məsələ hər dəfə müzakirə olunur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Mixail Qorbaçovdan tutmuş başqaları buna qiymət verirlər: “Bu ilk dəfə olaraq böyük bir imperiyanın öz hissəsinə, Azərbaycana mütəşəkkil bir hücumu idi. Əlbəttə ki, Pribaltikada, Tiblisidə bu hadisələr baş vermişdi. Keçmişdə sosialist düşərgəsində, Macarıstanda və digər yerlərdə də bu cür hadisələr baş vermişdi. Amma heç vaxt bu qədər böyük bir şəkildə olmamışdı. Öz xalqına qarşı belə bir cinayət törətməmişdi. Təbii ki, bu Kommunist Partiyasının hədsiz dərəcədə gözdən düşməyinə səbəb oldu. Kommunist Partiyası da SSRİ konstitusiyasının 6-cı maddəsinə görə, həlledici idarəetmə hüququna malik idi. Buna görə də Kommunist Partiyasının çöküşü məhz Sovet imperiyasının çöküşünə səbəb oldu.

Hesab edirəm ki, SSRİ-nin çöküşündə bu ən böyük hadisələrdən biridir. Azərbaycan xalqının azadlıq istiqlaliyyətinə çatmasına böyük bir təkan oldu. Milli Azadlıq Hərəkatını çox gücləndirdi. Xalq anladı ki, öz taleyini müstəqil həll etməlidir. Artıq imperiya içərisində Moskvaya, Kommunist Partiyasına inam yoxdur. Müstəqil dövlətin qurulması istiqamətində ən böyük katalizatorlardan biri oldu. Şübhəsiz ki, bu hadisə xalqımız üçün həm faciədir, həm də Milli Azadlıq Hərəkatının şanlı səhifəsidir. Nə qədər dinc sakinimiz həlak oldu. Lakin bu faciə Azərbaycan xalqının siyasi cəhətdən yetkinləşməsində böyük bir rol oynadı. Buna görə, bu çox əhəmiyyətli bir tarixi gündür”.