Beynəlxaq və ümumbəşəri qanunlara zidd olan addımlar nəticə verməyəcək - ALYANS SƏDRİNİN MARAQLI AÇIQLAMASI

20 Yanvar 2022 16:49 (UTC+04:00)

“Avropa İttifaqı, ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya təhdid edən hər hansı hərəkətləri qadağan edir. Avropanın aparıcı ölkələrindən biri olaraq bu istiqamətdə, Fransanın ciddi öhdəlikləri var.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekresin, həmçinin Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın beynəlxalq sərhədləri daxilində olan ərazilərinə qanunsuz səfəri ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa İttifaqının tələblərinin pozulmasıdır.

“Hazırda Cənubi Qafqaz regionunda münasibətlərin normallaşması istiqamətində addımların atıldığı bir dönəmdə Valeri Pekressin qeyri-qanuni səfəri Azərbaycanın ərazi bütövlüyünü öz seçki kampaniyasının, namizədlər arasında siyasi mübarizəsinin elementinə çevirmək istəyi müharibədən sonra yeni quruculuq işlərinə başlamağa çalışan bölgədə sülh səylərinə zərbə vurmaq məqsədindən başqa heç nə ifadə etmir.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri olan üç ölkədən biridir. Azərbaycan həmişə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi dövlətlər kimi beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan obyektiv, qərəzsiz mövqe nümayiş etdirməlidirlər. Təkcə 44 günlük müharibədə və ondan sonrakı dönəmdə Fransa hökumətinin işğalçı Ermənistana açıq dəstəyi hər kəsə məlumdur.

Bu kimi münasibətlər, belə təəssürat yaradır ki, Fransa hökuməti regionda müsbət irəliləyişlərin, münasibətlər sisteminin formalaşmasının bərqərar olmasında maraqlı deyil. Digər tərəfdən bu, Fransada hökm sürən islamofobiya və türkofobiyanın açıq təzahürlərindən biridir. Bütün bu addımlar beynəlxaq və ümumbəşəri qanunlara zidd olduğu üçün heç bir nəticə verməyəcəkdir”, deyə Nüşabə Məmmədova bildirib.