Koronavirusun heyvanlar və insanlar arasında ötürülməsini izləmək barədə ÜST ÇAĞIRIŞ ETDİ

20 Yanvar 2022 15:39 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi SARS-CoV-2-nin heyvanlar və insanlar arasında mümkün ötürülməsi hallarını diqqətlə izləməyə çağırıb. SİA xəbər verir ki, bu barədə fövqəladə hallar komitəsinin Cenevrə görüşündən sonra yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, ÜST-nin COVID-19 ilə bağlı vəziyyət üzrə fövqəladə komitəsinin onuncu iclası keçirilib.

Mütəxəssislər, xüsusən, dövlətləri "SARS-CoV-2-nin heyvanlar və insanlar arasında ötürülməsi ilə bağlı epidemioloji araşdırmalar aparmağa, habelə virusun daşıyıcısı ola biləcək heyvanlara məqsədyönlü nəzarət aparmağa" çağırıb.

ÜST təxmin edir ki, SARS-Cov-2-nin heyvanlarda ötürülməsi və təkamülü ilə bağlı məlumatların real vaxt rejimində monitorinqi və paylaşılması virusun epidemiologiyasını qlobal anlamağa, heyvan populyasiyalarında yeni variantların vaxtında müəyyən edilməsinə və ictimai sağlamlığın müəyyənləşdirilməsinə kömək edəcək.