Fövqəladə vəziyyət rejimi tətbiq edilib QAZ BÖHRANI SƏBƏBİNDƏN

20 Yanvar 2022 14:01 (UTC+04:00)

Moldova parlamenti qaz böhranı ilə əlaqədar 60 günlük fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, bu, hökumətin qərarından irəli gəlir və Moldova hakimiyyəti enerji böhranı ilə əlaqədar ölkədə fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib.

Qeyd edək ki, bir qədər bundan əvvəl ölkə “Qazprom”dan “Moldovaqaz” qazpaylayıcı şirkəti cari qaz istehlakına görə borclarını ödəməsə, yanvarın 20-dən sonra Moldovaya qazın nəqlinin mümkün dayandırılması barədə bildiriş alıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Moldova “Qazprom”la yeni qaz tədarükü haqqında müqavilə imzalayıb. Onun məqamlarından biri borcun auditindən sonra 2022-ci ildən başlayaraq hesablanmış faizlər nəzərə alınmaqla borcun mərhələli şəkildə ödənilməsidir. “Qazprom”un hesablamalarına görə, ölkənin 709 milyon dollar borcu var.
Diqqətə çatdıraq ki, bir qədər əvvəl “Qazprom”un Moldovaya borcla bağlı tələblərini Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov şərh edib. O bildirib ki, bu, kommersiya məsələsidir və onun təfərrüatlarını birbaşa “Qazprom”dan öyrənmək daha yaxşıdır. Mətbuat katibinin sözlərinə görə, burada söhbət yalnız ondan ibarətdir ki, verilən qazın pulu ödənilməlidir.