Torpaqlarımızın azad edilməsi şəhidlərimizin ruhuna ən böyük ehtiramımızdı - ŞƏRH EDİLDİ

20 Yanvar 2022 13:30 (UTC+04:00)

"20 Yanvar tariximizin qara səhifələrindən biridi. Xalqın liderinin olmaması, Azərbaycan xalqının hüquqlarının pozulması, erməni millətçilərinin SSR-i rəhbərliyindən dəstək taparaq xalqımıza qarşı total hücuma keçməsindən 32 il bundan əvvəl qanlı hadisələrin baş verməsinə səbəb oldu". Bu sözləri millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, günahsız insanlar güllə qurbanı oldular: "Bu dövlətin vətəndaşlarına qarşı törətdiyi cinayət idi. Vətəndaşı silahla qorumalı olan dövlət, həmin silahı vətəndaşına qarşı çevirdi. Bəşəriyyət durduqca bu qanlı ittiham həmin dövrün rəhbərliyinə, şəxsən Mixail Qorbaçova qarşı yönləndirəcəkdi. Bu tarixin hər il anılması, 20 Yanvar hadisələrinin gənclərimizə təbliğ olunması belə hadisələrin gələcəkdə baş verməsinin qarşısını alır. Xalqı öz ətrafında birləşdirə bilən, dövrün problemlərinin həllində uğurlu variantlar təklif edən liderin olmaması həmişə qüvvələrin parçalanmasına, düşmən tərəfin xalqımıza qarşı ağır cinayətlərin törətməsinə gətirib çıxardır. Təsadüfi deyil ki, 20 Yanvar hadisələrindən sonra Xocalı faciəsi törədilərək Azərbaycan ərazisinin 20%-i işğal olundu. Tarix bir daha sübut etdi ki, xalq bir olmalı özünün dəyərli oğullarına rəhbərliyə etibar etməlidi. Ərazi bütövlüyü uğrunda bütün vasitələrlə mübarizə aparmalıdı. Bu gün torpaqlarımızın azad edilməsi, erməni qəsibkarlarının ərazilərimizdən qovulması, 20 Yanvar şəhidlərinin ruhuna ən böyük ehtiramımızdı. Biz bir daha bütün dünyaya göstərdik ki, tariximizin heç bir səhifəsini unutmayacağıq. Bütün qanlı hadisələrin törədilmə səbəblərini həmişə öyrənəcəyik və bir yumruq kimi həmişə öz hüquqlarımızı müdafiə etməyi bacaracayıq".