Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib

20 Yanvar 2022 13:07 (UTC+04:00)

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar. ​