DSX rəisi Elçin Quliyev Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

20 Yanvar 2022 12:50 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətində Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunmuş 20 Yanvar faciəsinin 32-cu il dönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, yanvarın 20-də general-polkovnik Elçin Quliyevin başçılığı altında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin ildönümü münasibəti ilə hazırlanmış fotosərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 32 il əvvəl Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində xalqımızın azadlığı, suverenliyi uğrunda vətənfədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb. Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verildiyi, şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalandığı, 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edildiyi vurğulanıb.

Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyularaq erməni işğalından ərazilərimizin azad edildiyi, dəmir yumruğun düşməni darmadağın etməsi qeyd olunub.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.