Ukraynaya əlavə silah göndərməyə icazə verildi

20 Yanvar 2022 11:51 (UTC+04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya əlavə müdafiə silahlarının göndərilməsini istisna etmədiyini bildirib. SİA xəbər verir ki, bu barədə Uolles Daily Mail-ə müsahibəsində bəyan edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl krallığın müdafiə nazirinin müavini Ceyms Hippi Böyük Britaniyanın Ukraynanı bir neçə min yüngül tank əleyhinə raketlə təchiz etdiyini bildirmişdi.

"Ukraynaya daha çox müdafiə silahlarının göndərilməsi məsələsini ciddi nəzarətdə saxlayacağam. Ukraynaya özünümüdafiəni təmin etmək üçün kömək etmək çərçivəsində heç nəyi istisna etmirəm", deyə Uolles müsahibəsində bildirib.

Nəşrin yazdığına görə, bu həftə Kiyev Londondan 2000-ə yaxın tank əleyhinə raket buraxılış qurğusu alıb.