20 Yanvar faciəsi imperiyanın xislətini üzə çıxartdı - DEPUTAT ŞƏRH ETDİ

20 Yanvar 2022 11:18 (UTC+04:00)

"Azərbaycan xalqının tarixində ən ibrət götürüləsi hadisələrdən biri məhz 20 Yanvarda baş verib. 20 Yanvar faciəsi tərkibində olduğumuz imperiyanın xislətini, xalqımıza necə yanaşmasını üzə çıxartdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, Bakıya qoşun yeridənlər öz vətəndaşları sayılan dinc adamlara qarşı ən amansız faciə törətdilər: “Amma qarşılığında tarixdə çox az xalqın göstərə biləcəyi bir dirəniş və qəhrəmanlıqla üzləşdilər. 20 Yanvar faciəsi göstərdi ki, bu xalqın təpəri, qeyrəti, ləyaqəti var və ən dar gündə bütün riskləri gözardı edərək onun yanında duran, onu müdafiə edən, yol göstərən lideri var. Təbii ki, lider deyərkən mən o zaman Azərbaycana rəhbərlik edənləri və Xalq Cəbhəsinin başında duranları nəzərdə tutmuram. Onların bir qismi 20 Yanvar günündə Bakıya qoşun yeridənlərə xidmət göstərməkləri, digərləri isə iradəsizlikləri, qətiyyətsizlikləri, avantüristlikləri və qorxaqlıqlarıyla kimliklərini tam ortaya qoydular”.

Ulu Öndər Heydər Əliyev isə Dövlət Təhlükəsizlik Komitəsindən gələn xəbərdarlıq və təhdidlərə, onu gözləyən təhlükələrə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ən kəskin sözlərlə tənqid etdi, ardınca isə uzun zaman ən parlaq təmsilçilərindən biri sayıldığı Kommunist Partiyasının sıralarını tərk etdi.

“Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxışında da O, 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. 1994-cü il martın 29-da Milli Məclis o qanlı olaya ilk hüquqi-siyasi qiymətini də məhz Heydər Əliyevin təşəbbüsü ilə verdi. Hələ 1990-cı ilin 21 yanvarında Heydər Əliyev Moskvada verdiyi bəyanatla göstərdi ki, milli lider kimdir və necə olur. Məhz o zaman - 1990-cı ilin qanlı yanvar günlərində azərbaycanlılar millət, Heydər Əliyev isə milli lider olduğunu təsdiqlədi. Aydın oldu ki, milli liderlik parlamentlərdə qanunla təsdiqlənən, vəzifəyə bağlı status deyil, bu, böyük bir missiyadır. Bu missiyanın miqyası həm şəxsi keyfiyyət, həm də millətə bağlılıqla ölçülür. Özü də bu bağlılq qarşılıqlı olmalıdır. Yanvar olaylarında da, ondan sonrakı günlərdə də, yəni Heydər Əliyevin hakimiyyətdə olmadığı zamanlarda belə xalqın nəzərinin onun üzərinə dikəlməsi, nicatı onda görməsi bu bağlılığın məhz qarşılıqlılığından xəbər verirdi. Bəlli olurdu ki, Heydər Əliyev xalqa nə qədər bağlıdırsa, xalq da ona bir o qədər bağlıdır”.

Əslində Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması, ardınca 20 Yanvar qırğınının baş verməsi həm də bir məqsədə - Azərbaycan torpaqlarının növbəti hissəsinin yenidən haylara bağışlanmasına xidmət edirdi. Bunun üçün azərbaycanlılara qarşı hər cür vəhşilik və rəzilliklərə əl atdılar. Bunu həm də təkcə SSRİ rəhbərliyində təmsil olunanlar deyil, onlardan sonrakılar da, Qərbdə bir çox böyük dövlətlər də etdilər. Amma onların bu cəhdləri alınmadı, 44 günlük Vətən müharibəsi onların bütün cəhd və istəklərinin üstündən xətt çəkdi. 20 Yanvar hadisələrində olduğu kimi bir yumruq olmağı bacaran, amma bu dəfə “dəmir yumruğ”a çevrilən Azərbaycan xalqı, şanlı ordumuz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızı geri qaytardı. Bu, həm də 20 Yanvar şəhidlərinin intiqamının alınması demək idi.
Əminəm ki, cənab İlham Əliyev xalqımıza qarşı törədilən vəhşiliyə etirazını bildirmək üçün 1990-cı il yanvarın 21-də atası ilə birgə Azərbaycanın Moskvadakı daimi təmsilçiliyinə gəldiyi gündən bu haqda - şəhidlərimizin intiqamını almaq haqda düşünürdü. Və aldı da! Cənab Prezidentin ürəyində gəzdirdiyi, ancaq hələ tam açıq şəkildə dilə gətirmədiyi bir istəyinin də olduğunu biz artıq bilirik. Söhbət babasının məzarı üzərindəki düşüncədən gedir. Qoy uca Tanrı bizə həmin istəyin reallaşdırıldığı, 20 Yanvar hadisələrində həlak olanlar da daxil olmaqla, bütün şəhidlərimizin ruhlarının növbəti dəfə sevinəcəyi o günü görməyi nəsib etsin!”.