Bu, Azərbaycan xalqının mübariz bir xalq olduğunu bütün bəşəriyyətə bildirəcək - DEPUTAT ŞƏRH ETDİ

20 Yanvar 2022 10:57 (UTC+04:00)

“20 yanvar Azərbaycan xalqının tarixində həm faciəli, həm də şərəfli bir gündür. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı böyük bir xəyanət baş verdi. Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ adlanan bir dövlət öz tarixində ən çirkin hadisəyə imza atmış oldu. SSRİ rəhbərliyinin tapşırığı ilə əliyalın Azərbaycan xalqına qarşı sovet ordusu cinayət törətdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu, əslində SSRİ-nin mahiyyətini bütün dünyaya bir daha açıb göstərən qanlı cinayət hadisəsi olmaqla yanaşı, həm də bu dövlətin parçalanmasının sübutunun və mərkəzdənqaçma fəaliyyət qüvvələrinin güclənməsinin başlanğıcı oldu: “20 yanvar tarixində Azərbaycan xalqına qarşı törədilən hadisənin, cinayətin əsas məqsədi təkcə Azərbaycan xalqına deyil, SSRİ tərkibindən çıxmağa çalışan, can atan və öz etirazlarını bildirən bütün sovet xalqlarına qarşı hərbi jandarm fəaliyyəti idi. Eyni zamanda həmin dövrdə artıq iki ilə yaxın bir müddət idi ki, Dağlıq Qarabağ seperatizmi başlamışdı. Ermənistandakı qüvvələrin və Qarabağdakı erməni millətçilərinin təkidi ilə Azərbaycana qarşı böyük bir xəyanət ssenarisi gündəmdə idi. Artıq həmin dövrdən Qarabağda azərbaycanlılar yaşayan məntəqələrdə ermənilər tərəfindən terror, faciələr və qırğınlar törədilirdi. Buna etiraz olaraq Azərbaycan xalqı meydanlara yığışaraq həm sovet rəhbərliyindən, həm də Azərbaycanın kommunist rəhbərliyindən bu ədalətsizliyə son qoymaq, erməni seperatizmini cəzalandırmaq və Azərbaycanın bölünməzliyini təmin etmək fikri ilə öz dinc nümayişlərini keçirirdilər.

Həmin zamanlarda xalq hərəkatına başçılıq edən, özünü Xalq Cəbhəsi adlandıran qüvvələrlə Azərbaycanın kommunist rəhbərliyinin Əbdürrəhman Vəzirov başda olmaqla aralarında bir ziddiyyət vardı. Məhz o zaman Azərbaycanın rəhbərliyində olan şəxslərin də çox cinayətkat fəaliyyətsizliyi nəticəsində SSRİ rəhbərliyi bu qərarı qəbul etdi. Bu, xalqa qarşı böyük bir xəyanət idi. Əvvəlcədən planlaşdırılmış bir cinayət idi. Bu hadisə uzun müddət siyasi-hüquqi qiymət verilmədən qaldı”.

Musa Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanda kommunist rəhbərliyinin qorxaqlığı və mərkəzdən asılılığı, Xalq Cəbhəsi liderlərinin səriştəsiz və qorxaq fəaliyyəti, vaxtında doğru qərarların verilməməsi bu faciənin dünyaya çatdırılmasına ilk günlərdə böyük əngəl yaratdı: “Ümummilli Lider Heydər Əliyev həmin vaxtlarda Moskvada faktiki olaraq ev dustaqlığı yaşamasına baxmayaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu hadisəyə öz qəti etirazını bildirdi. Bu, Azərbaycan xalqına çox böyük mənəvi dəstək oldu və xalqımızın ruh düşkünlüyünə qapılmaması üçün böyük bir stimul olmuşdu. Azərbaycan xalqı bir daha öz liderini tanımış oldu.

20 Yanvar faciəsinə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir dövrdə, həmçinin Azərbaycana 20 yanvar hadisəsindən sonra rəhbərlik etmiş Ayaz Mütəllibovun dövründə heç bir siyasi-hüquqi qiymət verilmədi. Məhz Ümummilli Lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra onun tapşırığı ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü ilin mart ayında 20 yanvar hadisəsi ilə bağlı öz tarixi qərarını elan edərək 20 yanvar tarixini SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı siyasi və hərbi cinayəti kimi bütün dünyaya bəyan etdi. Bundan əlavə Ümummilli lider Heydər Əliyev tərəfindən 20 yanvar şəhidlərinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və onların adlarının əbədiləşdirilməsi, onlara qarşı dövlət qayğısının artırılması ilə bağlı ardıcıl tədbirlər görüldü. Həmin tədbirlər cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilərək 20 yanvar şəhidi adı təsis olundu. Onların təqaüdləri müəyyən edildi, pensiyaları artırıldı. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, avtomobillə təmin olunması və digər lazımi tədbirlər həyata keçirildi. Nə vaxta qədər ki müstəqil Azərbaycan xalqı, dövləti var bu qəhrəmanlıq tarixi yaşayacaq və Azərbaycan xalqının nə qədər əzmli, nə qədər qorxmaz olduğu, azadlıq, müstəqillik uğrunda mübariz bir xalq olduğunu bütün bəşəriyyətə bildirəcək”.

Arzu Qurbanzadə