Borrell, Blinken, Stoltenberg və Rau müzakirə aparıblar AVROPADA TƏHLÜKƏSİZLİK BARƏDƏ

20 Yanvar 2022 09:45 (UTC+04:00)

Aİ diplomatiyasının rəhbəri Josep Borrell NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ dövlət katibi Entoni Blinken, eləcə də ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Rusiyanın Avropadakı təhlükəsizlik təklifləri ətrafında diplomatik səyləri və ətrafdakı vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, telefon danışıqlarından sonra bu barədə Aİ mətbuat xidməti məlumat yayıb.

"Onlar Ukrayna ətrafında Rusiya qüvvələrinin artırılmasını, həmçinin Rusiyanın Avropada təhlükəsizlik tədbirlərinə yenidən baxılması cəhdləri ilə bağlı davam edən ikitərəfli və beynəlxalq diplomatik təmasları müzakirə ediblər", deyə Aİ mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, dördtərəfli danışıqlar tərəfdaşlar, o cümlədən Ukrayna ilə məsləhətləşmələr fonunda, həmçinin ABŞ və Rusiya arasında yeni danışıqlar ərəfəsində baş tutub.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında yanvarın 21-də Cenevrədə keçiriləcək görüş hazırlanır.