Bu bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ

20 Yanvar 2022 09:39 (UTC+04:00)

"20 Yanvar hadisəsi Azərbaycan xalqının qan yaddaşıdır. Bu zaman baş verənlər əsl faciə idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu dəhşətli hadisəni müxtəlif yalan və riyakarlıqlarla xalqdan gizlətməyə çalışırdı. Lakin hadisə baş verən günün ertəsi o vaxtlar Moskvada ciddi nəzarət altında olan Heydər Əliyev haqq səsini qaldırdı və bu faciə barəsində bütün dünyaya məlumat verdi. Bəli, qətliamı həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı o vaxt Moskvada ya­şayan, təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qırğını kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. Heydər Əliyev bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi yenə də kölə psixologiyasından əl çəkmədi. Bu qətliamın bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyinin mövqeyini dəstəkləmiş cinayətkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görmədi. Əksinə, bu cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atdı.

Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra bu dəhşətli cinayətə obyektiv qiymət verildi. Ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Məhz müdrik şəxsiyyətin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul dildi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Faciə nəticəsində həlak olanlara onun fərmanı ilə 20 Yanvar şəhidi adı verildi, onların ailələrinə birdəfəlik yardım göstərildi. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 20 “Yanvar şəhidi” fəxri adı təsis edildi. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sis­temi formalaşdı".

20 Yanvar hadisələri, eyni za­manda, beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totali­tarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konven­siyasının, Beynəlxalq hərbi tribunalın əsasnaməsinin, Beynəlxalq insan haq­ları bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu".