"Emirates" ABŞ-a uçuşları dayandırdı

20 Yanvar 2022 08:09 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli hava yolu şirkəti "Emirates" 5G texnologiyasına keçidin potensial riskləri səbəbindən ABŞ-a uçuşları dayandırdığını açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

"Emirates" Hava Yollarının internet saytında yer alan yazılı açıqlamada “ABŞ-da 5G mobil xidmətinin aktivləşdirilməsi ilə bağlı əməliyyat narahatlıqları səbəbindən bu gündən (yanvarın 20-dən) bu ölkəyə uçuşların dayandırılması qərara alınıb” ifadələrində yer alıb.

Açıqlamada qeyd edilib ki, dayandırılan reyslər arasında Boston, Çikaqo, Dallas-Fort Uort, Hyuston, Mayami, Nyu-York, Orlando, San Fransisko və Seattle hava limanlarına uçuşlar var.

ABŞ-ın ən böyük telefon şirkətlərindən biri olan AT&T və Verizon, Federal Aviasiya Administrasiyasının (FAA) tələbi ilə yanvarın 4-də 5G texnologiyasına keçidi 2 həftə təxirə saldıqlarını açıqlamışdı.

Dünyanın ən böyük təyyarə istehsalçısı olan "Boeing" və "Airbus" şirkətlərinin baş direktorları 21 dekabr 2021-ci ildə ABŞ-ın nəqliyyat naziri Pit Buttigiegə 5G telefon xidməti ilə bağlı birgə imzalanmış məktub göndərərək, bunun aviasiya sənayesinə böyük zərər verə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Məktubda 5G texnologiyasının təyyarələrin təhlükəsiz işləmə qabiliyyətinə mənfi təsir göstərəcəyi iddia edilib və “5G texnologiyasına keçidin təxirə salınması” çağırışı edilib.

AT&T və Verizon yanvarın 5-dən etibarən C-bandından 5G texnologiyasını təqdim etməyi planlaşdırırdı.

Qeyd olunur ki, ABŞ-da əksər telefonlar 5G texnologiyasına uyğundur, lakin 5G texnologiyasına keçmədikləri üçün bu funksiyalardan istifadə edə bilmirlər.