Tatarıstanda avtobus "KamAZ"la toqquşub, ölən və yaralılar var

19 Yanvar 2022 23:30 (UTC+04:00)

Yanvarın 19-da axşam saatlarında Tatarıstanda sərnişin avtobusu ilə qoşqulu "KamAZ" markalı yük maşını toqquşub, ölən və yaralananlar var.

SİA-nın məlumatına görə, bu barədə respublika prokurorunun böyük köməkçisi Ruslan Qaliyev bildirib.

Hadisə Tatarıstanın Novoşeşminski rayonunda baş verib. İlkin məlumatlara görə, hadisədən sonra daha iki avtomobil yük maşını və avtobusa çırpılıb.

Avtobus sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. Bir neçə zərərçəkən Çistopol xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.