Tərəflər arasında danışıq olacaq - POLİTOLOQ ŞƏRH ETDİ

19 Yanvar 2022 17:19 (UTC+04:00)

"Ermənistan və Azərbaycan arasında artıq İkinci Qarabağ savaşının bitməsindən sonra təbii ki, həm Azərbaycan tərəfi, həm də dünya ictimaiyyəti gözləyirdi ki, Ermənistan 10 noyabr üçtərəfli atəşkəs bəyannaməsindən sonra müəyyən qədər təxribatların sayını azalda bilər və tərəflər arasında hər hansı bir konstruktiv danışıq prosesi başlaya bilər. Amma təəssüflə demək lazımdır ki, artıq bir ildən çox vaxt keçib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu bir il ərzində Qarabağ ərazisində müvəqqəti dislokasiya edilmiş dırnaqarası rus sülhməramlılarının fəaliyyəti nə Azərbaycanın, nə də beynəlxalq ictimaiyyətin ürəyincə olan nəticəni vermədi: "Çünki bu müddət ərzində demək olar ki, mütəmadi şəkildə atəşkəs pozulub, hətta Ermənistan-Azərbaycan dövlət sərhədində ciddi toqquşmalar baş verib. Bu toqquşmalar nəticəsində Azərbaycanın xeyli sayda hərbi qulluqçusu şəhid edilib və yaxud da yaralanıb. Bu hallar artıq mütəmadi hal alıb. Baxmayaraq ki, Azərbaycan tərəfi ciddi cəhdlə müharibənin baş verməməsinin tərəfdarı olduğunu bildirir, baxmayaraq ki, Azərbaycan tərəfi sülhün əldə edilməsi, atəşkəsin qorunması məsələsini gündəmə gətirir, baxmayaraq ki, Azərbaycan tərəfi Ermənistanla dinc qonşuluq münasibətlərində yaşamağın tərəfdarı olduğunu bildirir. Amma təbii ki, qarşı tərəf öz düşmən mövqeyini gizlətmir. Hətta imkan tapdığı bütün platformalarda, istər regional, istər beynəlxalq, istərsə də ikitərəfli əlaqələrdə bunu dilə gətirir.

Hesab edirəm ki, Ermənistanın hələ də tərəflər arasındakı danışıqlarda konstruktiv mövqe tuta bilməməsi, Azərbaycan və Ermənistan arasında eyni zamanda Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr üçtərəfli atəşkəs bəyannaməsi, eyni zamanda 11 yanvar Moskvada imzalanmış üçtərəfli müqavilənin bəndlərinin icrası, eyni zamanda 26 noyabrda Soçidə keçirilən görüş zamanı imzalanmış müqavilənin şərtinə əsasən tərəflər arasında dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiya işlərinin aparılması ilə bağlı əngəllər yaratması, danışıqlar prosesinə getməməsi bu əslində Ermənistanın təxribatçı mövqeyinin və sülhdən qaçma mövqeyinin açıq təzahürü kimi görsənə bilər".

Politoloq sözlərinə belə davam edib: "Hesab edirəm ki, Azərbaycan tərəfinin ciddi cəhdlərinə baxmayaraq Ermənistan bölgədə sülhün olmasını istəmir, yaxud da ki, Ermənistan və Ermənistana dəstək verən qüvvələr bölgədə sülhün əldə edilməsini Azərbaycanın nüfuzunun daha da güclənməsi kimi xarakterizə edirlər. Ona görə də onlar bu proseslərin davamlı olmasını, gərginliyin daima qalmasını və özlərinin bu regionda nüfuzunu qorumağa çalışırlar. Amma hesab edirəm ki, Azərbaycan tərəfi ortaya qətiyyətli mövqe qoyub və yaxın vaxtlarda düşünürəm ki, tərəflər arasında danışıqların yeni fazası başlaya bilər. Çünki Türkiyə və Ermənistan arasında danışıqların başlanması mahiyyət etibarilə regionda sülhün və stabilliyin formalaşmasına ciddi təsir göstərə bilər. Eyni zamanda bu məsələyə Ermənistan-Azərbaycan və Türkiyə prizmasından da baxıla bilər. Düşünürəm ki, tərəflər arasında danışıq olacaq. Amma hələ ki, Paşinyanın ölkə daxilində hakimiyyəti tam şəkildə əlinə ala bilməməsi, idarəetməni tam şəkildə bərqərar edə bilməməsi mahiyyət etibarilə Ermənistan-Azərbaycan arasında gərginliyin daimi olmasına şərait yaradır. Bəzən Paşinyan özü də buna imkan verir və bundan sui-istifadə etməyə çalışır. Yəni bu halların hamısı Ermənistan-Azərbaycan arasında münaqişənin davam etməsi, Ermənistanın təxribatçı mövqeyinin açıq şəkildə ortaya qoyulmasının bariz nümunəsidir. Bundan sonrakı mərhələdə hesab edirəm ki, bütün gücümüzlə çalışıb sülhün əldə edilməsi üçün Ermənistanı danışıqlar masasına oturtmağımız daha məqsədəuyğun olar".

Ayşən Vəli