Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ

19 Yanvar 2022 16:28 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən il baş verən yol qəzalarının statistikasını açıqlayıb.

İdarədən SİA-ya verilən məlumata görə, respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb.

"Ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb. Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb ki, nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər isə xəsarət alıb.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub,"-deyə məlumatda bildirilir.