Prezident İlham Əliyev: "XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur" ŞƏRH

19 Yanvar 2022 15:02 (UTC+04:00)

Xeyirxahlıq böyük humanizmdir. Tanrının yaratdığı varlıqlara qarşı olan ən yüksək hissdən yoğrulmuş bu dəyər neçə-neçə insanların həyat yoluna işıq salmış, gələcək üçün gözəl, saf bir əmələ çevrilmişdir. Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün seçilən simalarından biri olmuşdur. Məşhur azərbaycanlı maarifpərvər milyonçu sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi kimi tarixdə adını yazmışdır. Böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan Z.Tağıyevin adı yaddaşlardan silə bilməz. Çünki şəhərimizin bəzi küçələrində onun inşa etdirdiyi binalar, nəcib əməlləri məhz bu insanın adının yaddaşlarda həkk olunmasında əsas səbəblərdəndir.

Əlbəttə ki, xalqımız, dövlətimiz tərəfindən belə insanlara diqqət və qayğı böyükdür. Prezident İlham Əliyevin Sərəncamı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda "İçərişəhər" stansiyasının qarşısındakı meydanda abidəsinin ucaldılması onun əməli fəaliyyətinə dövlətimizin diqqətidir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.

"ZEYNALABDİN TAĞIYEV ÖMRÜ BOYU BAKININ İNKİŞAFINA, ABADLAŞMASINA, ÜMUMİYYƏTLƏ AZƏRBAYCANIN İNKİŞAFINA BÖYÜK TÖHFƏLƏR VERMİŞDİR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı abidənin açılmasının çox əlamətdar hadisə olduğunu bildirib. "2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır", - deyən Cənab Prezident Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası olduğunu bildirib: "Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı". Əlbəttə ki, onun gördüyü işlər böyük əhəmiyyət kəsb edir. 1894-cü ildə Mərdəkanda Kənd təsərrüfatı məktəbinin, 1896-cı il Peterburq müsəlman xeyriyyə cəmiyyətinin, 1901-ci ildə Bakıda ilk qız məktəbinin, 1883-cü ildə ilk teatr binasının, 1905-ci ildə ilk "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin əsasını qoymuşdu. O, 1898-ci ildə "Kaspi" mətbəəsini alaraq həmin adla Azərbaycan ziyalılarının ixtiyarına vermişdir. Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdı. Məhəmməd Hadinin ilk kitabı "Firdövsülhamat"ı öz xərcinə "Kaspi" mətbəəsində çap etdirmişdi. "Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir", - deyən Prezident bir çox sənaye müəssisəsinin inşa edildiyini də bildirib. Azərbaycanda azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb də onun tərəfindən açılmışdır. Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi öldürmək istəyirdilər. Qaragüruhçular bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər. Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. "Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır" – deyən Cənab Prezident bildirib ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü: "Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır".
"SOVET HAKİMİYYƏTİ ONU BÜTÜN İMKANLARDAN MƏHRUM ETMİŞDİR"
Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə Tağıyevin vəsaiti hesabına məktəblər açılmışdır. Bütün bunlarla yanaşı, bir çox dini abidə inşa və təmir olunmuşdur. Cənab Prezident onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələrin həyata keçirildiyini bildirib: "Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir". Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır.
Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik əməllərindən danışarkən Bakıda tikdirdiyi teatr binasını da qeyd etməliyik. Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir. "Onun haqqında çox danışmaq olar", - deyən Cənab Prezident bildirib ki, o, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi: "Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, onun bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi".
Məlumdur ki, Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Onun da mülkiyyəti əlindən alınır. Milyonlara çörək verən Hacının doğma övladları çörəksiz, çətin günlər yaşadı. Bütün bunlara baxmayaraq, qırmızı imperiya Hacı Zeynalabdin Tağıyevin milyonlarını yerlə-yeksan etsə də, onun gördüyü işlərin üzərinə kölgə sala bilmədi.

Zümrüd BAYRAMOVA