Qazaxıstandakı sülhməramlı qüvvələr tamamilə geri çəkilib

19 Yanvar 2022 14:50 (UTC+04:00)

Qazaxıstanda baş verən etirazlara görə sabitliyi təmin etmək üçün bu ölkəyə göndərilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bağlı olan sonuncu Rusiya hərbi hissəsinin ölkəni tərk etməsi ilə sülhməramlı qüvvələrin ölkədəki vəzifəsi başa çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumət əleyhinə nümayişlər zorakılığa çevrildikdən sonra Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələri ölkədən tamamilə geri çəkilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada KTMT sülhməramlı qüvvələrinin komandanı Andrey Serdyukovun rəhbərlik etdiyi sonuncu sülhməramlı qüvvələrin Nur-Sultan və Almatı şəhərlərindən havaya qalxan 4 hərbi nəqliyyat təyyarəsi ilə ölkəni tərk etdiyi bildirilib. Serdyukov açıqlamasında “Beş ölkənin sülh qoşunları müəyyən edilmiş tapşırıqları yerinə yetirir. Eyni zamanda qoşunlar birgə fəaliyyətə, peşəkarlığa və təşkilatlanmaya hazır olduqlarını nümayiş etdirdilər. Sülhməramlılara qarşı heç bir təxribata yol verilmədi” deyib. Rusiyanın Nur-Sultandakı səfiri Aleksey Borodavkin isə Rusiyanın liderliyindəki bütün sülhməramlı birləşmələrin Qazaxıstanda öz vəzifələrini başa vurduğunu bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən əsgərlərə təşəkkür edib.