İtaliyada tarixi villa 471 milyon avroya satışa çıxarılıb

19 Yanvar 2022 06:43 (UTC+04:00)

İtaliyada “əsrin auksionu” adlandırılan hərracda təxminən yarım milyard avro dəyəri olan tarixi villa satışa çıxarılıb.

SİA xəbər verir ki, XVI əsrdə Romada inşa edilmiş “Villa Aurora”nın dəyəri 471 milyon avro qiymətləndirilir. Hərracda villa üçün minimum qiymət 353 milyon avro müəyyən edilib.

Yerli mətbuatın yazdığına görə, hərracda Bill Qeyts və Bruney sultanının iştirak edəcəyi gözlənilir. Bildirilir ki, “Villa Aurora”nın satışı baş tutarsa, bu, dünyanın ən bahalı evlərindən biri olacaq.

“Villa Aurora”nı bu qədər dəyərli edən isə onun içindəki sənət əsərləridir. Ev tavanında italyan rəssam Mikelancelo Merisi da Karavaggio tərəfindən çəkilmiş əsərlər var. Karavaggio tərəfindən 1597-ci ildə çəkilmiş divar rəsmi 310 milyon avro dəyərində qiymətləndirilir. Roma tanrıları Yupiter, Neptun və Plutonun təsvir olunduğu əsər Karavaggionun yeganə divar rəsmidir.

Villa bir vaxtlar Roma imperatoru Yuli Sezara məxsus torpaqda yerləşir. Onun bağçasındakı çoxsaylı heykəllərdən birinin Mikelanceloya aid olduğu təxmin edilir. Villada italyan barok rəssamı Giovanni Françesko Barbierinin (Guerçino) freskaları da var. Villanın adı Guerçinonun Aurora ilahəsinin həsr etdiyi freskası ilə bağlıdır. Villada Vatikandakı Müqəddəs Pyotr Bazilikasının fasadını tərtib edən Karlo Madernoyanın memarı olduğu pilləkənlər də var.

“Villa Aurora”nın məşhur qonaqlarının siyahısında Qalileo Qaliley, Höte, Çaykovski, Madonna kimi məşhurlar var.

Aristokrat Ludovisi ailəsinə məxsus villa vərəsəlik mübahisəsinə görə hərraca çıxarılıb. Villanın tarixi-bədii dəyərinə görə satılmasının əleyhinə çıxanlar var və dövlətin onu almasını tələb edirlər. Bu tələblə bağlı onlayn petisiyaya 38 mindən çox insan dəstək verib.

İtaliyanın mədəniyyət naziri Dario Françesçininin də villanın dövlət tərəfindən alınması xahişini Baş nazir Mario Draqiyə çatdırdığı bildirilir.

Əgər villa hərracda satılsa belə, 60 gün ərzində Mədəniyyət Nazirliyinin eyni qiymətə mülkü alması mümkündür.