Aİ və Körfəz Əməkdaşlıq Şurası 6 ildən sonra toplantı keçirəcək

19 Yanvar 2022 00:18 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurasının (KƏM) nümayəndələri 6 illik fasilədən sonra fevralın 21-də Tərəfdaşlıq Şurası və Nazirlər Toplantısı üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrellin ofisindən verilən yazılı açıqlamaya görə, Borrell Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Nayif əl-Həcraf ilə görüşüb.

Görüşdə yaşıl və rəqəmsal keçid, iqlim dəyişikliyi və terrorla mübarizə kimi qlobal çətinliklər müzakirə edilərkən, fevralın 21-də Brüsseldə 26-cı Aİ-KƏM Tərəfdaşlıq Şurasının və Nazirlər Toplantısının keçirilməsi qərara alınıb.

Açıqlamada görüşün Borrelin bölgəyə səfəri zamanı onun dəvəti ilə baş tutduğu bildirilib.

Tərəflər sonuncu birgə görüşünü 2016-cı il iyulun 18-də keçirib. 2017-ci ildə başlayan Körfəz böhranı keçən il başa çatdıqdan sonra Aİ region ölkələri ilə əlaqələrini canlandırmaq məsələsinə diqqət yetirib.

Bu kontekstdə Aİ-nin Ali nümayəndəsi Borrell 2021-ci ilin oktyabrında regiona hərtərəfli səfər təşkil edib.