Aİ ikinci dozanı təsdiqləyib İMMUNİTETİ ZƏİF OLANLAR ÜÇÜN

18 Yanvar 2022 20:47 (UTC+04:00)

Avropa Dərman Agentliyi (EMA) immuniteti zəif olan insanlar üçün COVID-19 peyvəndinin dördüncü dozasına icazə verir, lakin hələ ki, kifayət qədər məlumatın olmadığı üçün Avropa İttifaqının bütün əhalisi üçün ikinci gücləndiricini tövsiyə edə bilmir. SİA xəbər verir ki, bu sözləri Amsterdamda keçirilən brifinqdə tənzimləyicinin nümayəndəsi Marko Kavaleri deyib.

"Bizim hələ ki, koronavirus əleyhinə peyvəndlərin təkrar gücləndirici (və ya dördüncü) dozasının effektivliyi və ehtiyacı ilə bağlı klinik və ya praktiki məlumatımız yoxdur. Bu cür məlumatları əldə edib öyrəndikdən sonra müvafiq qərarlar və tövsiyələr verə biləcəyik. Lakin hətta məlumat olmadan belə nəticəyə gələ bilərik ki, immun sistemi ciddi şəkildə pozulmuş və zəifləmiş, artıq üç doza peyvənd almış insanlar üçün ikinci gücləndirici doza mümkündür. Lakin hələlik bu, bütün əhaliyə şamil edilmir", deyə Marko Kavaleri bildirib.

Eyni zamanda, Kavaleri əlavə edib ki, Avropa Dərman Agentliyi hələ də qısa fasilələrlə təkrar gücləndiricilərin tətbiqi təcrübəsini təhlükəli hesab edir, çünki belə bir sxem gözlənilənlərin əksinə olaraq antikorların sayını azalda və orqanizmin koronavirusun yaratdığı fəsadlara qarşı müdafiəsini zəiflədə bilər.