Fövqəladə vəziyyət tamamilə ləğv ediləcək YANVARIN 19-DA

18 Yanvar 2022 20:26 (UTC+04:00)

Qazaxıstan hakimiyyəti yanvarın 19-da gecə yarısından etibarən fövqəladə vəziyyəti tamamilə ləğv edəcək. SİA xəbər verir ki, bu barəfə ölkə prezidentinin mətbuat katibi Berik Uali bildirib.

“Yanvarın 19-da gecə yarısından etibarən Nur-Sultan və Almatı şəhərlərində, eləcə də Almatı, Atırau, Cambil, Qızılorda və Manqistau vilayətlərində fövqəladə vəziyyət rejimi dayandırılır”, deyə prezidentinin mətbuat katibi Facebook-da yazıb.

Qeyd edək ki, digər bölgələrdə fövqəladə vəziyyət rejimi vaxtından əvvəl ləğv edilib.

Diqqətə çatdıraq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-nə keçən gecə iğtişaşlar səbəbindən respublikada yanvarın 19-u saat 00:00-dək Alma-Ata və Manqistau vilayətində fövqəladə vəziyyət elan edib, sonra isə müddəti uzadıb.

Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-də maye qazın qiymətinin iki dəfə artması fonunda başlayıb. Etirazlar iğtişaşlara çevrilib, talançılar və radikallar fəallaşıb, hakimiyyət yardım üçün KTMT-yə müraciət edib, KTMT də Qazaxıstana sülhməramlılar göndərib. Yanvarın 13-də vəziyyət sabitləşdikdən sonra KTMT missiyasının uğurla başa çatması və hərbçilərin tədricən daimi dislokasiya yerlərinə qayıtması elan edilib.