20 Yanvar qan yaddaşımızdır -İCTİMAİ BİRLİYİN SƏDRİNİN MÜNASİBƏTİ

18 Yanvar 2022 17:53 (UTC+04:00)

İllər öncə Sovet hakimiyyətinə yox deyərək ayağa qalxan Azərbaycan xalqı yalın əllə ordunun qarşısına çıxdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, imperiyanın öz tanklarını, hərbi texnikalarını və hərbçilərini Azərbaycana yeritməsi Azərbaycan xalqının gözünü qorxutmaq üçün idi və bunun üçün qarşısına keçəni tankın altında qoydu, silahsız insanlara atəş açıldı, hansıki, nəticədə də xalqımızın vətənpərvər övladları şəhid oldular.

“20 Yanvar faciəsində qurban gedən insanlar əliyalın insanlar, dinc əhali oldu. Hətta həkimlərə də, təcili yardım maşınlarına da məhəl qoymadılar, hər kəsə atəş açıldı, çox sayda vətəndaşlarımız qətlə yetirildi, maşınları belə tankların altında qoydular. Onlar birmənalı olaraq Azərbaycan xalqını qorxutmağa, imperiyanın son gücünü göstərməyə çalışdılar. Xalqımızın vətənpərvər övladları canlarını qurban etdilər və tarix təkrarlanaraq Çəmbərəkənd qəbristanlığında şəhidlər xiyabanı da məhz beləcə quruldu. Şəhidlər məhz həmin xiyabanda dəfn olundular.

İllər keçir, zaman keçir, tarix dəyişir, amma şəhidlərin xatirəsi qəlblərdə yaşayır və bundan sonra da yaşayacaqdır. Çünki, onların hər biri Azərbaycan üçün canlarını qurban verdilər. Xalqımız bu gün onları qürurla yad edir, hər zaman uca tutur. Ən gözəl günlərdə belə 20 Yanvar şəhidlərinin uyuduğu məkan ziyarət olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qarşıdan 20 Yanvar gəlir və yenə də Şəhidlər Xiyabanı ziyarət olunacaq. Biz özümüz də bir təşkilat olaraq 20 Yanvar şəhidlərini anırıq və onlar haqqında hər zaman böyük qürurla danışırıq. Çünki, bunun bizim qürur yeri olduğumuzu başa düşürük. Bu, ümumiyyətlə bizim xalqımız üçün bir qürur yeri oldu, bununla hər kəs qürur duyur.

Hətta bizim 44 günlük müharibədə əldə etdiyimiz qələbələr həmin 20 Yanvardan başladı. 20 Yanvarda şəhid olanların qardaşlarının mübarizəsi hesabına qələbələrə zəmin yarandı, Azərbaycan uğrunda xalq birləşdi, ayağa qalxdı. Azərbaycan xalqı Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq şəklində birləşdi , müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Bu gün də biz 20 Yanvar şəhidlərini böyük hörmətlə anırıq, ruhları şad olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Daim Azərbaycanın bayrağı yüksəklərdə dalğalansın, ölkəmizin səsi yüksəklərdən gəlsin. Ölkə rəhbəri cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanı dünyada tanıdır və Qarabağda aparılan işlər də bütün şəhidlərimizin ruhunu şad edir”, deyə Mehriban Abdullayeva bildirib.