Bu Azərbaycanın balanslaşdırılmış siyasət aparmasından irəli gəlir - POLİTOLOQ MÖVQE BİLDİRDİ

18 Yanvar 2022 17:25 (UTC+04:00)

"Azərbaycan-Ukrayna prezidentlərinin görüşü maraqlı bir görüşdür. Çünki hamı bilir ki, Ukrayna ilə Rusiyanın arası olduqca pis vəziyyətdədir. Digər yandan Azərbaycan Rusiya ilə əlaqələrinə diqqət yetirən bir ölkədir. Təbii ki, Azərbaycan haqlı olaraq belə edir. Çünki Rusiya elə bir aktordur ki, onun hərəkətlərini nəzərə almağa məcbursan. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycanın Qarabağ ərazisində Rusiyanın sülhməramlı kontingenti var. Bütün bunlara baxmayaraq Azərbaycan Prezidentinin Ukraynalı həmkarı ilə görüşüb danışıqlar aparması, ona açıq dəstək verməsi göstərir ki, Azərbaycanın xarici siyasəti kifayət qədər müstəqildir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, qeyd edib ki, burada eyni zamanda kənd təsərrüfatı ilə bağlı razılaşmalar oldu. İndi bütün dünya hökumətləri qida təhlükəsizliyi ilə bağlı ciddi şəkildə düşünürlər. Hətta, Çin başda olmaqla bəzi ölkələr qida stoklamağa başlayıblar. Xüsusilə də, buğda stoklanır. Azərbaycan-Ukrayna ilə kənd təsərrüffatı sahəsində əməkdaşlıq edəcək. Bu da onu göstərir ki, hökumət qida məsələsini indidən ciddiyə alır. Bu görüşdən sonra hərbi sənaye sahəsində müəyyən addımlar atılacaq. Biz bilirik ki, Qarabağ məsələsində Ukrayna həmişə bizə kömək edib. Bu görüşdə GUAM-la bağlı məsələ gündəmə gəldi.

Fərhad Mehdiyev bu barədə fikirlərini belə izah edib: "Hamı indiyə kimi GUAM-ın zəifləmiş bir təşkilat olduğunu düşünürdü. Ancaq görüşdə GUAM-ın aktivliyi məsələsi gündəmə gəldi. İndi ola bilsin artıq GUAM çərçivəsində də müəyyən işlər görülsün. Burada həm transport əlaqələrin inkişafı, həm qarşılıqlı ticarət əlaqələrinin artması, təbii ki, bu məsələyə daxil olacaq. Bir daha qeyd etmək istəyirəm ki, xüsusilə, Qazaxıstanda baş verən hadisələr işığında Prezident İlham Əliyevin ukraynaya gedib bu cür ittifaqın güclənməsi ilə bağlı razılaşması da ona siqnal verir ki, Azərbaycan müstəqildir. Təbii ki, Azərbaycan heç vaxt NATO-ya üzv olmayacaq. Azərbaycan eyni zamanda Avropanın bir parçası olmaq istəmir. Bu da Azərbaycanın balanslaşdırılmış siyasət aparmasından irəli gəlir. Bu çox açıq bir mesajdır ki, Azərbaycan heç vaxt müstəqilliyindən imtina etməyəcək".