Bakıda kitabın təqdimat mərasimi keçirilib - YENİLƏNİB-FOTOLAR

18 Yanvar 2022 12:51 (UTC+04:00)

Bu gün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən nəşr olunan toplu əsasən hakimlər, vəkillər və hüquqşünasların istifadəsi üçün nəzərdə tutulub. Kiçik tirajla (ilkin olaraq 1000 ədəd) nəşr edilmiş və ödənişsiz yayılması planlaşdırılan vəsaitdən, hüquq-mühafizə orqanları əməkdaşları, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri də faydalana biləcəklər.

Tədbirin moderatoru, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü, Mediaisya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov tədbir iştirakçılarını salamlayaraq, vəsaitin ərsəyə gəlməsində töhfəsi olan bütün qurumlara təşəkkürünü bildirib. O, qeyd edib ki, bu toplunun ərsəyə gələmsində xüsusi rolu olan qrumların nümayəndələri bugünkü tədbirdə açılış və salamlama nitqi ilə çıxış edəcəklər. Nadir Adilov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlar sistemində İnsan hüquqlarının müdafiəsi məsələləri mühüm yer tutur və hər zaman İnsan hüquqlarının müdafiə məsələləri diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso qeyd etdi ki, BMT-nin Qaçqın Agentliyi 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlarına dəstək göstərir: "Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarları beynəlxalq standartların mühüm hissəsidir və biz ümid edirik ki, Avropa Məhkəməsi qərarlarının toplu nəşri Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək edəcək".

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar öz müsbət nəticələrini göstərməkdədir: "Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi də müsbət dəyişiklikləri daha sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş şəkildə tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcək.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək Azərbaycanda aparılan məhkəmə hüquq islahatlarına toxunaraq qeyd edib ki, belə bir mühüm nəşrin işıq üzü görməsi insan hüquqlarının təbliği, Avropa Məhkəməsinin qərarlarının və presedentlərinin öyrənilməsi və səmərəli tətbiqi baxımından hüquqşünaslarımız üçün önəmli əyani və metodiki vəsatdir: "30 il idi Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqları pozulub. Qürur və iftixar hissi ilə bildirməliyəm ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş və həmvətənlərimiz öz dədə-baba yurdlarına qovuşublar. Düşünürəm ki, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində nümayiş etdirilən toplu da önəmli mənbə ola bilər. Belə bir kəlam var ki, “təhsil insan azadlığını döyüşən ordudan daha yaxşı təmin edir”. Yalnız təhsil vasitəsilə insan hüquqları mədəniyyətinin yüksək səviyyəsinə nail olmaq mümkündür.

Tədris prosesinin səmərəsinin artırılması, təlimlərin, xaricdə treninqlərin, hüquqşünaslar üçün bu cür mühüm vəsaitlərin nəşrinin və yayılmasının təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Ədliyyə Nazirliyi insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə daim xüsusi önəm verir.

Ölkədə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi işində insan hüquqlarının müdafiəsinin iştirakçıları olan hakimləri və vəkilləri, eləcə də digər hüquqşünasları əhatə edən geniş dinləyici spektrinə malik olan Ədliyyə Akademiyasının imkanlarından maksimal dərəcədə istifadə edilir.

Məmnuniyyət hissi ilə bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyini qeyd etmək istəyirəm. Bizim çoxsaylı xarici həmkarlarımız, həmçinin Avropa Məhkəməsinin hakimləri, o cümlədən sədrləri bizim təlimlərdə iştirak etmişlər.

Eyni zamanda, Ədliyyə Akademiyası tərəfindən hakimlərin, vəkillərin, mediatorların və digər hüquqşünasların ilkin hazırlıq və uzunmüddətli tədris kursların proqramlarına insan hüquqları, Avropa Məhkəməsinin presedentləri və digər bu kimi mövzular daxil edilərək tədris olunmaqdadır.

Bundan əlavə, ölkəmiz üçün yeni institut olan mediasiya sahəsində təlimlərin və maairfləndirmə tədbirinin təşviqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ədliyyə Akademiyası həm də mediasiya təlimi qurumu olaraq Mediasiya Şurası ilə sıx əməkdaşlıqda mediatorların hazırlanmasında yaxından iştirak edir, aktual mövzularda təlimlər, praktiki məşğələlər təşkil olunur.

Qeyd olunan məsələlərlə bağlı həmçinin, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən mütəmadi seminarlar, Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla ölkənin yüksək məhkəmələri tərəfindən həyata keçirilən milli məhkəmə təcrübəsinin təhlili, presedentlərin tətbiqində çətinlik çəkən hakimlər üçün məqsədli-təlimlər öz nəticələrini verir.

Bununla əlaqədar hesab edirəm ki, Qaçqınlar üzrə Ali Komissarlığın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları həyata keçirilə bilər. Eyni zamanda, davamlı maarifləndirmə layihələri, digər maarifləndirici vəsaitlərin hazırlanması, nəşr olunması və yayılması, təcrübi səfərlərin təşkili ilə bağlı və digər istiqamətlərdə birgə əməkdaşlıq edilə bilər. Nəşr olunmuş hazırkı nəşr məhz səmərəli əməkdaşlığının təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və düşünürəm ki, toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaq".

Daha sonra Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Sədri Ələddin Cəfərov çıxış edərək qeyd edib ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitab hakimliyə namizədlər və hakimlər üçün president hüququn öyrənilməsinə dair həm də çox gözəl tədris vəsaitidir: "Analogiyaların öyrənilməsi, president hüquq üzrə müxtəlif mənbələrin araşdırlması və nəzərdən keçirilməsi hakimliyə namizədlərin və eyni zamanda hakimlərin qeyd edilən sahə üzrə mövqelərinin formalaşmasına mühüm təsir edir. Bu səbəbdən də hesab edirik ki, bu gün təqdimat mərasimi keçirilən toplu tərəfimizdən hakimlər, hakimiyə namizədlər arasında örənişsiz olaraq yayılacaq".

Nəşr edilmiş kitablar sonda tədbir iştirakçılarına hədiyyə olunub.