Nişan üzüyü seçərkən niyə bahalı üzüklərə üstünlük verilir? - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

18 Yanvar 2022 12:40 (UTC+04:00)

“Nişan üzüyünün seçimi ilə bağlı məsələ biraz zövq məsələsidir. “Nə bahalıdırsa, o daha yaxşıdır” fikri ilə qərar veririk”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Lalə Mehralı deyib.

“Ailə quran zaman xüsusilə qızlar yüksək məbləğli zinət əşyasının tərəfdarıdırlar ki, onların haqqı olduğunu düşünürlər. Düzdür ki, qızlarımız hər şeyin ən yaxşısına layiqdir, amma ailə quranda fikirləşmək lazımdır ki, mən bu qızılı barmağıma taxanda ondan nə əldə edirəm? O mənim təhsilimə, ağlıma, sağlamlığıma fayda etmir. Bu və ya hər hansı bir formada düşünmək lazımdır ki, “həmin zinət əşyasının mənim həyatımda rolu nədən ibarət olacaq?”. Əvvəlcə bunu fikirləşmək lazımdır, ondan sonra yüklü məbləğdə borca girib o zinət dəstini və yaxud nişan üzüyünü almaq barəsində fikirləşmək lazımdır.

Nişan üzüyünə 2000 manat pul verən gənclərimiz var. Bu məbləğ üzüyün dəyərinə görə getdikcə yüksəlir. Tutaq ki, 300 manatlıq nişan üzüyü də taxsan sən yenə həmin insansan, 3000 manatlıq nişan üzüyü də taxsan sən yenə eyni insansan. Sənin həyatında mənliyində, xarakterində, şəxsiyyətində heç bir dəyişiklik olmur. Sadəcə üzüyün qaşının karatı dəyişir. Bu da yaxşı və ya pis mənada sənə heç nə qatmır. Ona görə də hesab edirəm ki, bahalı üzük və s. gərəksizdir və tərəflər bu mənada bir-birini başa düşməlidirlər. Əgər ailə quracaqlarsa, özlərinə birlikdə gələcək planlayırlarsa ilk olaraq elə buradan başlamaq lazımdır. Bir-birinin büdcəsinə imkanları daxilində hörmət etmək lazımdır. Qarşımdakı insan borca girərək həmin üzüyü mənə ala bilir, amma sabah o borcu ödəmək üçün aylarla, illərlə işləmək lazım gələcək. Ona görə də sabah sıxıntı yaşamamaq üçün elə bu gün ayağını yorğana görə uzatmaq daha məsləhətlidir”-deyə, sosioloq fikrini tamamlayıb.