Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyan ölkələrdəndir - ŞƏRH EDİLDİ

18 Yanvar 2022 12:12 (UTC+04:00)

"Azərbaycanla Ukrayna arasındakı münasibətlər əlbəttə ki, bir çox sahələri əhatə edir. İki ölkə arasında dostluq münasibətləri qurulub. Bir çox sahələrdə əməkdaşlıq platformaları var və hər zaman hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyan ölkələrdəndir". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin son Ukrayna səfəri əlbəttə ki çox mühüm bir hadisədir: "Əbəs yerə deyil ki, məhz Ukrayna prezidenti Zelinski cənab Prezident İlham Əliyevin Ukrayna səfərini tarixi hadisə kimi adlandırmışdır. Bir çox məsələlər müzakirə olundu. Xüsusən siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə predmeti olmuşdur ki, bunun da ətrafında bir çox istiqamətlər müəyyənləşmişdir".

Deputat sözlərinə belə davam edib: "Birincisi, təhlükəsizlik məsələləri deyəndə həm Xəzər dənizində, həm Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə olunub. İkincisi, iqtisadi baxımdan bir çox vacib məsələlər burada kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika və bir çox sahələr müzakirə olunub. Müzakirə olunan məsələlərin yekunu olaraq Azərbaycan-Ukrayna arasında 6 sənəd imzalanıb ki, bu da məhz Azərbaycanla Ukrayna arasında mövcud olan əməkdaşlıqların daha da genişləndirilməsinə ciddi töhfə verəcəkdir. Bugünə kimi baxmayaraq ki, dünyada koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini göstərir, ticarət dövriyyəsini azaldıb. Azərbaycan-Ukrayna arasında ticarət dövriyyəsi ötən il 20 faiz artmışdır. Ümumilikdə artıq Ukrayna-Azərbaycan ticarət dövriyyəsi 1milyard dollara yaxınlaşır və nəzərdə tutulur ki, 2024-cü ildə artıq bu görüşdən sonra və imzalanmış sənədlərdən sonra bu rəqəm 1milyard dolları artmağı gözlənilir".

Ayşən Vəli