Rusiya şirkəti Bakıda köhnə “Təzə bəy” hamamını necə bərpa edib? – REPORTAJ+FOTOLAR

17 Yanvar 2022 14:47 (UTC+04:00)

Bakının qədim abidələrindən biri də ilk dəfə 1890-cı ildə qapılarını ziyarətçilərin üzünə açan “Təzə bəy” hamamıdır. “Təzə bəy” azərbaycancadan tərcümədə “toyu olan oğlan” kimi tərcümə olunur. 130 ildən çox vaxt keçib və hamam hələ də bakılılar və şəhərin qonaqları arasında populyardır. Bu yaxınlarda hamamın bərpası başa çatıb və Rusiyanın “Homewoodspa” şirkəti burada fəal iştirak edib. Kənardan baxdıqda qədimliyini qoruyub saxlayan hamam indi müasir hamam kompleksinə çevrilib. Şirkətin təsisçisi İqor Kostin Moskva-Bakı platformasına müsahibəsində hamamın bərpasının necə həyata keçirildiyindən danışıb.

- Necə oldu ki, “Təzə bəy” hamamının bərpası məhz sizin şirkətə həvalə olunub?

- Fakt budur ki, bu, bizim “Təzə bəy” hamamının bərpası ilə bağlı 2-ci təcrübəmizdir. İlk dəfə 7 il əvvəl idi, sonra hamam sahibi bizimlə əlaqə saxladı, gördüyümüz işi bəyənmişdi. Şirkətimiz MDB məkanında yaxşı tanınır, biz Rusiyada, Azərbaycanda, Ukraynada taxta evlərin, hamamların tikintisində bir çox layihələr həyata keçirmişik. Bizi Azərbaycan paytaxtının mərkəzində köhnə hamamı bərpa etməyə dəvət edəndə sevindik. Əslində, Bakıda “Təzə bəy” adlı iki hamam var- biri İçərişəhər metrosunun yanında, digəri isə- bizim bərpa işləri apardığımız- Göy məscidin yaxınlığında yerləşir.

- Köhnə hamam sizdə hansı təəssürat yaratdı?

- Hamam dəbdəbəli görünürdü. Əsas otaq günbəzin altında yerləşir, hamam kompleksinin ərazisində sütunlar və tağlar şəklində bir çox memarlıq gözəllikləri tapa bilərsiniz. Qədim dövrlərdən bəri hamam istirahət yeri olduğundan onun bəzədilməsinə xüsusi diqqət yetirilmişdir. Hamamın divarlarında şərq ornamenti var və onun günbəzi sadəcə sənət əsəridir ki, bu da kondensatın tavandan divarlara axıdılmasında funksional rol oynayır. Hamam kompleksi uzun illərdir ki, ziyarətçilər arasında çox populyardır və hamısı da ona bacarıqla qulluq edən sahibinin sayəsində.

- Hamamın növbəti bərpası zamanı ev sahibi sizin qarşınıza hansı vəzifəni qoyub?

- “İnsanları təəccübləndirin”. Əslində, bu tapşırıq Azərbaycanda xüsusilə aktualdır (gülür). Biz Azərbaycan hamamının orijinallığını qoruyub saxlamalıydıq, ona görə də hər şeyi milli üslubda etməyə çalışdıq. Yeddi il əvvəl biz bu kompleksdə artıq yenidənqurma işləri aparmışdıq, indi isə yeni dəyişikliklərin vaxtı çatmışdı.

2021-ci ilin yayında 2-ci yenidənqurma zamanı biz buxar, gil vannaları yaratdıq. Beləliklə, sauna tamamilə dəyişdi və indi sidr taxtalarından hazırlanıb. Sibir sidrindən hazırlanmış buxar otağı tez yorğunluğu aradan qaldırır, ağciyər və ürək-damar xəstəlikləri olan insanların halını yaxşılaşdırır.

Əslində, sifarişçi bizdən Azərbaycan hamamını da hazırlamağı xahiş etdi və biz onu Bakının yaxınlığında yerləşən məşhur tarixi-arxeoloji qoruq olan Qobustan üslubunda gildən yaratmaq fikrinə düşdük. Və onun yaradılmasından ruhlanmaq üçün Qobustana getdik, dağlara, onların üzərində çəkilmiş qayaüstü rəsmlərə baxdıq. Sonra bütün bunları köhnə hamamın divarlarına köçürdük. Əslində, orada görünən qayaüstü rəsmləri köçürüb bizim gil hamamda nümayiş etdirirdilər. Nəticədə biz Azərbaycanın müasir incəsənəti ilə qədim petroqliflərin qarışığını əldə etdik. Yaxşı oldu, ən azı yaxşı rəylər aldıq. Digər şeylərlə yanaşı, duz otağı da təmir edildi, burada divarlar Himalay duzu ilə işləndi.

İkinci yenidənqurmadan sonra hamam kompleksi yeni imic və yeni texniki vəziyyət alıb. Yalnız daxili deyil, həm də otaqların məqsədi, onlarda prosedurlar modernləşdirilmişdir. Biz şadıq ki, yüksək səviyyədə aparılan bərpa işləri binanın köhnə dizaynını və görkəmini pozmadı.

- Dediniz ki, bu, Azərbaycanda ilk layihəniz deyil. Başqa hansıları qeyd edə bilərsiniz?

- Azərbaycanda həyata keçirdiyimiz çoxlu layihələr var. Dediyim kimi, biz uzun illərdir burada işləyirik. Bunlar əsasən şəxsi sifarişlərdir, hamam komplekslərindən əlavə taxta evlər də tikirik. Onlar bahalı materialdan hazırlansa da, Azərbaycanda tələbat var. Belə ki, maraqlı layihələrdən biri Qubada, səfalı Qəçreşdə həyata keçirilib. Planlaşdırıldığı kimi, bu “Labaz” ovçu evi adlanır, bu, müştərilərdən birinin şəxsi layihəsidir. Düşünürəm ki, Azərbaycanda bizi daha çox maraqlı layihələr gözləyir. Burada özümüzü rahat hiss edirik, çünki rəqibimiz yoxdur.

Tərcümə - Elçin Bayramlı