Qüsurlu insanları məsxərəyə çevirirlər - BAŞ REDAKTOR MÖVQE BİLDİRDİ

17 Yanvar 2022 13:10 (UTC+04:00)

"Hər hansı qüsuru olan insanı gülüş hədəfinə çevirmək həm qanun, həm də mənəviyyat baxımından qadağandır. Hətta, elə insanların xəstəliklərinin adını çəkmirlər və çəkməməlidirlər. Belə insanların özünə xəstəliyi ilə bağlı informasiya verilməməlidir və verilmir. Burada artıq ikinci bir məsələ meydana çıxır. Nəinki bu cür etik davranılmır, əksinə qüsurlu insanları məsxərəyə çevirirlər. Onlardan istifadə edərək bəzi insanlar sosial şəbəkələrinin baxış sayını artırır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğlu deyib.

Jurnalist qeyd edib ki, hətta, əksər vaxtlarda bu baxış sayından düzgün istifadə edilə bilinmir. Hər hansı reklam şirkəti də belə istifadəçiyə yaxınlaşmır. Çünki baxış sayına nail olduğu üsul düzgün deyil. Xəstə adamları, sağlamlığında zədələr olan insanları dolamaqla, onların vəziyyətini sui-istifadə etməklə baxış sayısını artırmış adama kim xeyli baxıcısı var deyib, reklam verər? Baxış sayısı həmin insana nə gətirə bilər ki, heçnə.

Ceyhun Musaoğlu bu barədə fikirlərini belə izah edib: "Söhbət ondan gedir ki, cəmiyyətdə İP xəstəliyi var. Bu çox ciddi, ağır xəstəliklərdən biridir. Bu psixoloqlar, psixoterapivtlər tərəfindən müalicə olunmayana qədər, yaxud ziyalılar, sosioloqlar, ədəbiyyatçılar, mətbuat bu xəstəliyi müalicə etməyənə qədər, bu daha da dərinləşəcək və cəmiyyətin həyat tərzinə çevriləcək. Yetər ki, mənə 10 min baxış gəlsin, bu videoma 3000 şərh gəlsin prizmasından nə qədər ki məsələyə yaxınlaşacaqlarsa, əqli cəhətdən qüsuru olan insanları çıxaracaqlar ki, ağzına nə gəldi danışsın, özünü necə gəldi aparsın. Qüsurlu insanlar bunu təbii ki, özündən asılı olmayaraq edir. Beləliklə də sosial şəbəkənin baxış sayısı artsın. Desinlər ki, nə qədər baxış gəldi. Problemin kökündə məhz bu dayanır. Məsələnin kökündə məhz İP, kütləvi baxış sayısı kimi məsələlər durur. Biz bu tip insanlara başa salmalıyıq ki, onların bu cür addımı onlara heç bir xeyir gətirmir. Əksinə ziyan gətirir. Heç bir reklam şirkəti bu cür istifadəçilərə reklam vermir. Bir də onu izah etmək lazımdır ki, əgər sənin paylaşdığın kontentə kütləvi baxış olursa, deməli, burada kütlə psixologiyası rol oynayır. Deməli, sən elə də dərin olmayan dayaz kontent paylaşırssan ki, küçədən keçən hər kəs onu izləyir və sənə abunə olur. Eyni zamanda bu cür kontent paylaşanları söyürlər. Hərdən belə insanlara deyəndə ki, söyülürsüz, deyirlər ki, yaxşıdır da populyarlığım artır. Deməli, xəstə bunların beyinləridir. Bu xəstə beyinləri müəyyən üsullarla sağaltmaq lazımdır"-deyə, C.Musaoğlu fikrini tamamlayıb.