"Ümumiyyətlə, içki, siqaret və bu kateqoriyadan olan zərərli məhsulların, eyni zamanda onlara bənzər xidmətlərin reklam edilməsi düzgün deyil". Bunu SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Ekspert qeyd edib ki, düzdür, Azərbaycanda qanunla gecə saat on birdən sonra spirtli içkilərin reklamına icazə verilir. Təəssüflər olsun ki, bəzən media qurumlarımız bu qaydaya əməl etməyərək başqa vaxtlarda da zərərli içkilərin reklamını həyata keçirirlər. Hətta, çox təəssüflə qeyd etmək istərdim ki, çox tanınmış dünya çempionu, olimpiya çempionu titullarını qazanmış idmançıların vasitəsi ilə zərərli içkilərin reklam edilməsinə rast gəlirik. Həm televizya kanallarımızda, həm də şəhərin löhvələrində bəzən çempionların adını çəkmək istəmədiyim zərərli içkiləri reklam etdiyini görürük. Adamda elə təəssürat yaranır ki, bu adamlar məhz o içkilərdən içərək çempion olublar. Halbuki, həmin içkilər istənilən adamı məhv etmək üçün yetərlidir. Nəinki o içkiləri içib çempion olmaq mümkün deyil, o içkini içən istənilən sağlam adamlar öz sağlamlıqlarına ciddi zərər vururlar.
Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "O baxımdan, medianın zərərli içkiləri reklam etməkdən çəkinməsi yaxşı olardı. Ümumiyyətlə isə reklam haqqında qanunun dəyişdirilməsi və zərərli içkilərin reklam edilməsinin qadağan edilməsi yerinə düşərdi. Yəni, bu içkilər istənilən şəxsə zərər verir. Sağlamlıq üçün çox böyük fəsadlar törədir. Belə fəsadlar törədən içkilərin reklam edilməsi yolverilməzdir. Bu baxımdan düşünürəm ki, deputatlarımız, Prezident Administirasityası, Səhiyyə Nazirliyi təşəbbüs ilə çıxış etməli və zərərli içkilərin reklamını birmənalı olaraq qadağan etməlidir. Xüsusən də, o enerji içkisi altında satılan içkilərin reklamı qadağan edilməlidir. Ümumiyyətlə isə onlar bazardan çıxarılmalıdır. Həmin içkilərin bədbəxt elədiyi kifayət qədər insan tanıyıram. Adını enerji içkisi qoyduqları bu məhsul insanların gündəlik həyat tərzini pozur, onların sağlamlığını ciddi şəkildə pozur. Bəzən nəticədə bu içki səbəbindən ölüm halları olur. Media rəhbərləri özləri 3-5 manat pulun dalınca qaçmamalı, özləri şəxsən bu cür reklamdan imtina edəcək qədər özlərində güc tapmalıdırlar".