"Təməli 1752 ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan mədəniyyətinə, incəsənətinə dahi şəxsiyyətlər bəxş etmişdir. 28 ildən çox erməni işğalında qalmasına baxmayaraq Şuşa öz əzəmətini, vüqarını itirmədi. Şuşa təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın mədəniyyət beşiyi - konservatoriyası olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, ermənilər işğal dövründə Şuşanın adını dəyişmək istədilər. Lakin Şuşa bu ləkəni götürmədi: "Şəhərdəki dini, tarixi abidələrimizi dağıtdılar. Ancaq Şuşanın ruhunu sındıra bilmədilər. Çünki Şuşa hər daşında, qayasında əcdadlarımızın ruhunu yaşadırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycandakı ilk hakimiyyəti dövründə Şuşa daha da inkişaf etdirildi. Tarixi, dini abidələrimiz bərpa edildi. Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Molla Pənah Vaqifin əzəmətli məqbərəsini tikdirdi".
Kamilə Əliyeva sözlərinə belə davam edib: "Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın Cıdır düzündə yallı oynayan erməniləri diz çökdürdü, Müzəffər Ordumuzun əsgərləri ordularını darmadağın etdi. Artıq Şuşanın əsl sahibləri qayıdıb. Qarabağı, ümumiyyətlə Azərbaycanı Şuşasız təsəvvür etmək mümkün deyil. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 7 dəfə Şuşa şəhərinə səfər etmişdi. Bu səfərlər zamanı ölkə başçımız Şuşada çox sayda tarixi, dini abidələrimizin, yeni sosial obyektlərin bərpadan sonra açılışını etdi. Bir çox məktəb, xəstəxana və yaşayış evlərinin təməl daşını qoydu. Bu gün Şuşa qədim koloritliyini saxlamaqla, müasir və möhtəşəm bir şəhərə çevrilməkdədir. Yaxın vaxtlarda Şuşa təkcə regionda deyil, dünyada ən gözəl şəhərə çevriləcəkdir. Müharibə bitdikdən sonra cənab İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Ölkə başçımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbriki və müraciətində 2022 ci ili "Şuşa ili" elan etdi və bununla bağlı Sərəncam imzaladı. 2022 ci ildə Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Ölkə Başçısı "Şuşa ili" ilə əlaqədar olaraq Nazirlər Kabinetinə tədbirlər planının hazırlanması ilə əlaqədar tapşırıq verib. Bu il Şuşada böyük musiqi festivalı keçiriləcək. Xarici qonaqların iştirakı ilə böyük tədbirlər təşkil olunacağı gözlənilir. Bütün dünya bu ecazkar və müqəddəs şəhərin əsl sahiblərinin azərbaycanlılar olduğunun şahidi olacaqlar".
Ayşən Vəli