"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunmuşdur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunanacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxt Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad edildi: "Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanası, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanmış, quruculuq işlərinin təşkilində çevikliyin və səmərəliliyin təmin olunması üçün burda dövlət idarəetməsinə böyük diqqət yetirilmiş və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır".
Deputat sözlərinə belə davam edib: "Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, hazırda şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə başlanmış və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir".
"Azərbaycanda 2022-ci ilin Şuşa İli elan olunması Şuşada və işğaldan azad olunmuş bütün ərazilərdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına şərait yaradacaq. Vətən müharibəsi Rəşadətli Ordumuzun tarixi qələbəbəsi ilə başa çatdıqdan sonra Şuşada həyata keçirilən bərpa - quruculuq işlərinin böyük əhəmiyyət daşıdığını nəzərə alaraq Azərbaycan respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin olunub".
"2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi Şuşanın tarixi keçmişi, bu gününü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsil sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqır".
Ayşən Vəli