İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri təşkil olunub

17 Yanvar 2022 01:33 (UTC+04:00)

Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı əsasında insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə təlimi təşkil olunub.

SİA xəbər verir ki, Dövlət Turizm Agentliyindən bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən hotel nümayəndələri, turoperatorlar və turizm agentlikləri nümayəndələri üçün təşkil olunmuş təlim DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə tərəfindən keçirilib.

Təlim zamanı “İnsan alveri nədir?”, “İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, “İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, “İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.

İştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 yarımbəndinin icrası məqsədilə təşkil edilib.