Tonqada vulkan püskürməsi Yaponiya sahillərinə çatıb

17 Yanvar 2022 00:14 (UTC+04:00)

Polineziya ada dövləti olan Tonqada vulkan püskürməsi nəticəsində əmələ gələn sunami yanvarın 16-sı sübh saatlarında Yaponiya sahillərinə çatıb. Nəticədə 210 mindən çox sakin hündürlükdə yerləşən ərazilərə təxliyə olunub. Yaponiya Meteorologiya Agentliyi İvate prefekturasının sahillərinə 3 metr hündürlükdə dalğaların çata biləcəyi barədə xəbərdarlıq edib.

SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Eyni zamanda, 15 yanvar gecə yarısı ərəfəsində Amamai şəhərinin sahillərində 1,2 metr hündürlükdə sunami qeydə alınıb. Ayın 16-sına keçən gecə saat 02:26 dəqiqədə isə İvate prefekturasında dalğaların hündürlüyü 1,1 metr çatıb.

Hokkaydodan Kyüşü və Okinava adalarınadək bütün Sakit okean boyu sahildə sunaminin hündürlüyü 1 metr təşkil edib. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyi Aomori, İvate, Miyaqi, Çiba, Koçi, Miyazaki və Kaqoşima prefekturalarında 210 mindən çox sakinin sahildən uzaqlaşmağa çalışdığını bildirib.

Qeyd edək ki, bu ərəfədə kütləvi-informasiya vasitələri Sakit okeanda yerləşən Tonqa adasındakı Hunqa-Haapay vulkanının püskürməsi barədə məlumat yayıb. Yerli hakimiyyət orqanları sunami barədə xəbərdarlıq edib. Sunami xəbərdarlığı, həmçinin Amerikanın Samoa adasında da elan edilib. Təhlükədən qorunmaq üçün Savayi adasında yüzlərlə ailə təxliyə olunub.