Avstriyada 40 min qanunsuz miqrasiya halı aşkarlanıb

16 Yanvar 2022 09:57 (UTC+04:00)

2021-ci ildə Avstriyada qanunsuz miqrasiya üzrə 40 min şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə məlumatı Cinayətkarlığa qarşı Mübarizə üzrə Federal İdarə verib. Məlumatda bildirilir ki, 2020-ci illə müqayisədə təxminən iki dəfə çox şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar fərdi qaydada və ya mütəşəkkil dəstələrin köməyi ilə ölkə sərhədlərini qanunsuz şəkildə keçməyə cəhd göstəriblər.
Qanunsuz miqrantlarla yanaşı təxminən 400-dək insan qaçaqçıları da müəyyən edilib. Daxili işlər naziri Qerhard Karner bildirib ki, mütəşəkkil cinayətkarlığın ən böyük qollarından biri olan insan qaçaqçılığına qarşı mübarizəyə bundan sonra da xüsusi diqqət ayrılacaq.

Qeyd edilib ki, son illərdə Avstriyada qanunsuz miqrasiya hallarında artım müşahidə olunmaqdadır. 2020-ci ildə 21 min 641 qanunsuz miqrant qeydə alınıb və bu, 2019-cu illə müqayisədə 12 faiz çox olub. Ölkəyə qaçqın axınının pik dövrü olan 2015-ci ildə isə Avstriyaya 94 min qaçqın daxil olub.

İnsan qaçaqçılarının vasitəsilə ölkəyə gətirilən qanunsuz miqrantların sayında da artım olub. 2020-ci ildə 4842 nəfər cinayətkar dəstələrin vasitəsilə ölkə ərazisinə daxil olduğunu etiraf edib, 2019-cu ildə isə onların sayı 2469 nəfər olub.
Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, Cinayətkarlığa qarşı Mübarizə üzrə Federal İdarədə ötən ilin dekabr ayında insan qaçaqçılığı və insan alverinə qarşı ayrıca şöbə yaradılıb.