“Cənab Prezidentimizin rəhbərliyi altında geniş tərkibli nümayəndə heyəti Ukraynaya getmişdi“

15 Yanvar 2022 19:47 (UTC+04:00)

Bu səfər Ukrayna prezidentinin cənab Prezident İlham Əliyevi dəvət etməsi nəticəsində baş tutub. Səfərin məqsədi dövlətlərarası münasibətləri inkişaf etdirmək, əlaqələri daha da genişləndirmək və əməkdaşlıq etmək istiqamətində idi. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, eyni zamanda bugünə qədər olan iqtisadi və digər sahələrdə olan əlaqələrimizin daha da genişləndirilməsindən ibarət idi: “Bu məqsədlə də cənab Prezidentimizin rəhbərliyi altında geniş tərkibli nümayəndə heyəti Ukraynaya getmişdi. Orada da ikitərəfli görüşlər keçirildi. İqtisadi əlaqələr və digər sahələrdə də münasibətlərin genişləndirilməsi və inkişafla bağlı müəyyən sənədlər imzalandı. Verilən bəyanatlardan da məlum oldu ki, məqsəd Azərbaycan və Ukrayna dövlətləri arasında əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsidir. Hesab edirəm ki, bu səfərin hər iki dövlətə müsbət mənada ciddi əhəmiyyəti olacaq. Cənab Prezidentimiz də öz növbəsində Ukrayna prezidentini Azərbaycana dəvət etdi”.