Azərbaycan Ukrayna əlaqələri sürətlə inkişaf edir

15 Yanvar 2022 15:45 (UTC+04:00)

Bu il Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili qeyd olunur. Bu münasibətlər 31 yanvar 1992-ci ildə qurulmuşdur. Keçən illər ərzində Azərbaycan- Ukrayna əlaqələri hərtərəfli inkişaf edərək yüksək nəticələr əldə olunmuşdur. Bu vaxta kimi Azərbaycanla Ukrayna arasında 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişlər və müqavilələr imzalanmışdır. Bu sənədlər praktiki olaraq ikitərəfli münasibətlərin bütün sferalarını - siyasi, iqtisadi, ticarət, humanitar və digər sferaları əhatə edir. Hazırda iki ölkə arasında ticarət dövriyəsi bir milyard ABŞ dollarından artıqdır. Bunun 680 milyon dolları Azərbaycanın Ukraynaya ixracının payına düşür. Azərbaycan tərəfindən Ukrayna iqtisadiyyatına 1,2 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.

Səfər çərçivəsində Ukrayna ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir. Azərbaycan Respublikası Prezidenti və Ukrayna Prezidenti Birgə Bəyannamə imzalamışlar. Bundan başqa müxtəlif sahələr üzrə əməkdaşlıq sahəsində 5 mühüm sənəd imzalanmışdır. Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, Ukraynanın İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında”, “Neft-qaz Ukrainı” Milli Səhmdar Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbycan Dövlət Neft Şirkəti-SOCAR arasında “ Energetika sahəsində əməkdaşlıq haqqında” və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumları imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri və bu səfər çərçivəsində əldə olmuş razılaşmalar, imzalanmış sənədlər iki ölkə arasında uzun illər mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə dərinləşərək daha da inkişaf etməsinə şərait yaradacaq.

Rauf Əliyev, Milli Məclisin deputatı