Türkiyə mənzil satışında Avropada liderdir

14 Yanvar 2022 22:42 (UTC+04:00)

Türkiyə keçən il 1,5 milyon ədəd mənzil satışı ilə Avropada lider olub.

SİA xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) mənzil satış statistikası məlumatlarına görə, ölkə daxilində mənzil satışları artan qiymətlərə baxmayaraq 2020-ci ilə paralel olub və 1 milyon 491 min 856 mənzil satılıb. Bu rəqəm bir əvvəlki il 1 milyon 499 min 316 ədəd təşkil edib.

Keçən il əldə edilən rəqəm bütün zamanların ikinci illik rekordu idi. Türkiyə 2021-ci ildə təxminən 1,5 milyon mənzil satışı ilə bu sahədə Avropanın zirvəsində olub.

Ən çox mənzil satılan şəhər 276 min 223 mənzillə İstanbul olub. Meqakent ümumi satışdan 18,5 faiz pay alıb.

İstanbulu 144 min 104 ədədlə Ankara və 86 min 722 ədədlə İzmir izləyib. Sonuncu yerdə 267 ədəd satışla Hakkari, 377 ədədlə Ərdahan qərarlaşıb.

Ötən il əcnəbilərə 68,6 min daşınmaz əmlak satılıb.

Ən çox daşınmaz əmlak alan ölkələr arasında İraq, İran, Rusiya, İngiltərə, Almaniya və Əfqanıstan var.

Əcnəbilərin üstünlük verdiyi yerlər əsasən İstanbul, Antalya, Ankara və Muğladır.