“Jurnalistin yazdığını qeyri jurnalistin yazdığı ilə ayıra biləcəyik”

14 Yanvar 2022 17:54 (UTC+04:00)

"İstənilən bir məsələnin həm xeyirli, həm də ziyanlı tərəfi var. Biz insan olaraq onun xeyirli tərəfindən istifadə etməliyik. Sosial şəbəkələr bütün dünyanın yeni trendidir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, bu nə qədər köhnəlsə də biz yenə də ona yeni deyəcəyik: “Biz sosial şəbəkələrə kütlə düşüncəsi ilə yanaşırıq. Biz media adamlarıyıq. Mən çox xahiş edirəm və dəfələrlə bu məsələni qaldırmışıq ki, sosial media sözünü işlətməyəcəyik. Biz sosial şəbəkə ifadəsindən istifadə edəcəyik. Media bütün mənalarda qanunu şərtləri olan, bütöv bir institutdur. Hansı ki, biz ona dördüncü hakimiyyət deyirik. Yəni bu qədər dəyərli vacib qayda-qanunları özündə əks etdirən bir mexanizmdir. Amma sosial şəbəkə isə özbaşınadır. Heç bir qanuna tabe deyil. Hər kəs özünün daxili kimini zövqünü düşüncə tərzini orada göstərir. Amma mətbuat sənin zövqünün, düşüncə tərzinin göstərilməsi üçün düzgün məkan deyil. Mətbuat haqqında qanun var. Çox istərdim ki, biz sosial şəbəkələri hökumət və ictimai qurumlar olaraq bu qədər ciddiyə almayaq. Müəyyən mənada sosial şəbəkələrdən ilkin məbə olaraq istifadə etmək olar. Amma sosial şəbəkələrin girovuna çevrilməməliyik. Bu tendesiya Azərbaycanda çox təəssüf ki, dövlət qurumlarına siraət etməkdədir. Ciddi mətbuatı, ciddi medianı qeyri-ciddi sosial şəbəkələrə uduzdurmayaq. Sosial şəbəkələrdən sağlam şəkildə istifadə eləməyi bacaraq. Eyni zamanda hazırda saxta profillərin yaradılmasını dərin bir problem kimi qabartmamalıyıq. Çünki saxta profillərin yaradılmaması mümkün deyil. Bütün cəmiyyətlərdə qorxaqlar da, özünün demokratik dəyərlərinə hörmət etməyənlər də var. Onlar mütləq hansısa bir sözü demək üçün kiminsə kölgəsində gizlənəcəklər. Bunun nəticəsində də təbii ki, saxta profillər yaranacaq. Əgər bir insan saxta profil yaradıbsa onun yazmağından artıq məlum olacaq ki, bunu yazan kimdir. Cəmiyyət demokratikləşdikcə artıq saxta profil yaradanların sayı azalacaq. Çünki artıq hər şey görünən və bilinəndir. Cənab Prezidentin televiziyalara verdiyi sonuncu müsahibəsi də çox maraqlı bir müsahibə idi. Biz təbii ki, həmin müsahibəni şərh edirik, xəbərlər çıxarıb təqdim edirik. Bunları həyata keçirtdikcə insan görür ki, dövlət cəmiyyətin inkişafı üçün çoxlu sayda işlər görür. Hətta bunu mətbuatla birgə edirik şəklində mesaj verib. Bu o deməkdir ki, ciddi mətbuatın imzasını jurnalistin yazdığını qeyri jurnalistin yazdığı ilə ayıra biləcəksən. Artıq cəmiyyət bu mütləq düşüncədən daşınmalıdır. Birincisi ona görə ki, biz artıq qalib ölkəyik. Qalib həm də ağıllı, ağıllı isə həm də bilikli deməkdir. Yəni biz bütövlükdə tam bir cəmiyyət olmalıyıq. Artıq bizim ağrılı yerlərimiz yavaş-yavaş müalicə olunmağa başlayır”.