Azərbaycanın siyasəti tam aydındır - DEPUTAT ŞƏRH ETDİ

14 Yanvar 2022 15:51 (UTC+04:00)

"Ermənistanla münasibətlərdə həm münaqişə, həm post-münaqişə dövründə Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı üçün həmişə aydın olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev yerli televiziya kanallarında müsahibəsində də açıq şəkildə ifadə etdi ki, Azərbaycan üçüncü müharibə istəmir: "Bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Qalib dövlətin başçısının əzici yox, sülhə meyilli mövqeyi bu gün faktiki olaraq Ermənistanı da havadarlarını da çox çətin vəziyyətdə qoyub. Müharibədə məğlubiyyətdən sonra ümidi yalnız məzlum donuna girib, yardım istəməyə qalan rəsmi İrəvan Azərbaycanın sülh tələbi qarşısında faktiki beynəlxalq dəstəkdən də məhrum olmaqdadır. Məhz bu baxımdan cənab İlham Əliyevin dediyi kimi Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur: "Azərbaycanın siyasəti isə tam aydındır - hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, həmçinin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın". Yaranmış mövcud situasiya əslində Azərbaycan Prezidentinin diplomatik müstəvidə triumfu hesab edilə bilər".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, sosial, iqtisadi, hərbi baxımdan dalana dirənən İrəvanı son gedişləri ilə cənab İlham Əliyev diplomatik fiaskonun astanasına gətirib çıxarıb: "Təsəvvür edin, Ermənistan sülh istəmir, amma bunu açıq şəkildə etiraf da edə bilmir. Zaman isə Azərbaycanın xeyirinə işləyir. Üstəlik, cənab İlham Əliyevin yeni strateji nüanslardan istifadə etməsi, məsələn, 1920-ci ilin noyabr ayında Zəngəzurun, 29 may 1918-ci ildə İrəvanın Ermənistana verilməsi kimi tarixi həqiqətləri arqument kimi önə sürməklə, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, daha çox əsasımızın olmasını bildirməsi artıq post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətləri üçün yeni bir mərhələdir. Elə mərhələ ki, burada addımları rəsmi Bakı diqtə edir, gündəm isə şəxsən cənab İlham Əliyev tərəfindən müəyyən edilir."

Arzu Qurbanzadə