RSK Qarabağda hansı “patriotik tərbiyə” ilə məşğul olur?

14 Yanvar 2022 14:58 (UTC+04:00)

Belə olan halda daha arzuolunmaz amillərin yaranmaması üçün dərindən düşünməyin vaxtı çatıb, çünki bu, həqiqətən də, təsadüfi sayıla bilməz!

Prezident İlham Əliyev yanvarın 12-də ölkə jurnalistlərinə verdiyi müsahibəsi zamanı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya süllhməramlıları kontingentinin (RSK) fəaliyyətlərində Azərbaycan xalqında qıcıq yaradan fəaliyyətlərinin olduğunu vurğuladı. Həmçinin bir neçə danılmaz faktları gətirərək bütün bunların heç də təsadüfi olmadıqlarını qeyd etdi. Bu fəaliyyətin arxasında dayanan və qıcıq doğuran hallar isə artıq hər kəsə məlumdur. Lakin həmin halların digər tərəfləri də var - separatçı və quldur rejimin daxilində fəaliyyət göstərən qanunsuz tədris müəssisələrində erməni uşaqlarına hansısa “patriotik” və ya “vətənpərvərlik” tərbiyəsi xüsusiyyətlərinin öyrədilməsi (?!)

Biz nəyi müşahidə edirik?

Bildiyimiz kimi, RSK-nın Qarabağdakı fəaliyyət sferasına bilavasitə təhlükəsizliyi təmin etmək, atəşkəs rejimini nəzarətdə saxlamaq, həmçinin bəzi humanitar missiyaların həyata keçirilməsi kimi məsələlər aiddir. Lakin biz nəyi müşahidə edirik?

Məlum olub ki, RSK bu dəfə Azərbaycanın qatı düşməni, 1987-88-ci illərdən başlamaqla Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ideyasının dəstəkçisi və təbliğatçısı, Yelena Bonner adlı arvadı erməni olmuş rus fiziki, şovinist-millətçi Andrey Saxarovun adını daşıyan Xankəndi məktəbini ziyarət ediblər.

Tanınmayan quldur və separatçı rejim üçün heç bir “vətənpərvərlik”, yaxud “patriotik” imkanları mövcud deyil, çünki bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya və Ermənistan KİV-lərində, habelə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yazılıb ki, şagirdlərə Rusiyanın tarixi və mədəniyyəti barədə danışılıb, həmçinin, “Dağlıq Qarabağda” (nəyə görəsə Qarabağda deyil!) sülhməramlılar kontingentinin fəaliyyəti barədə məlumat verilib. Və sonrasını olduğu kimi tərcümə edirik. SİTAT: “Rusiyalı sülhməramlılar “Sülh dərsi” keçdilər və Stepanakertdəki (Xankəndidəki) Saxarov adına məktəbin 50 şagirdinə hədiyyələr verdilər, deyə cümə günü Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, interaktiv dərs məktəblilərin patriotik çərçivədə tərbiyələnmələri istiqamətində keçirilib”. (???!!!)

Maraqlıdır, RSK, yaxud rus hərbçiləri Azərbaycanın ərazisində hansı “patriotiklikdən” dəm vurublar? Məgər bura Rusiyadırmı? Bildiyimiz qədər hər dövlətin özünəməxsus vətənpərvərlik ideyaları, milli tarixləri mövcud olur və bunların hər biri bilavasitə həmin ölkələrin xaqlarına məxsusdur.

Eləcə də bu gün tanınmayan quldur və separatçı rejim üçün heç bir “vətənpərvərlik”, yaxud “patriotik” imkanları mövcud deyil, çünki bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Buyursunlar Gümrüdəki 102-ci bazalarının tərbiyəçilərini göndərsinlər Ermənistanın istənilən təhsil müəssisələrinə

Yox, əgər ortada ermənilər üçün hər hansı bənzər “dərslərin” keçirilməsi Rusiya üçün bu qədər vacibdirsə, onda buyursunlar Gümrüdəki 102-ci bazalarının tərbiyəçilərini göndərsinlər Ermənistanın istənilən təhsil müəssisələrinə və orada nə qədər istəyirlərsə Rusiyanın tarixindən, mədəniyyətindən və eləcə də patriotizmdən leksiyalar söyləsinlər, bu onların və ermənilərin öz işləridir, lakin burada, Azərbaycanda olduqlarını unudan RSK onu da yaddan çıxarmamalıdır ki, onlar Bakının etimadı sayəsində Qarabağda fəaliyyət göstərirlər və eyni zamanda hər hansı rəsmi mandatlara da sahib deyillər. Belə olan halda separatçılara “patriotizm” haqqında dərs keçmək növbəti şübhəli məqamları da ortaya çıxarmış olur və həmin məqamlardan biri də budur ki, RSK separatçıların övladlarına separatizmin necə qorunub-saxlanılması barədə şüuraltı bilgilər yürüdürlər. Misal üçün, təqribi olaraq biz belə bir mümkün təsəvvürü canlandıra bilərik:

RSK təlimçisi separatçının şagird övladına sual edir:

- Əgər sənin vətəninə hücum edilərsə sən nə edərsən?

Separatçının şagird övladı cavab verir:

- Qaçıb gizlənərəm ki, həyatıma təhlükə olmasın.

RSK təlimçisi:

- Yox, bu vətənpərvərlik deyil, sən əlinə silah alıb vətənini qorumalısan!

Separatçının şagird övladı:

- Əgər belədirsə, dostlarımı da toplayıb, düşmənə (yəni Azərbaycan əsgərinə) qarşı partizan müharibəsinə başlayacağam.

Bax, təxminən belə ola bilər RSK-nın “patriotik dərs” adlandırdıqları müxanizm. Və belə müxanizmlər kifayət qədərdir, hətta belə desək, saatlı bomba mexanizmləri kimi qeyd etsək daha doğru olardı. Bu baxımdan, hələ ki, bunların qıcıqdoğuran oyunbazlıqları davam etdikcə görünür, ayaqları da yer almağa başlayır. Belə olan halda isə daha arzuolunmaz amillərin yaranmaması üçün dərindən düşünməyin vaxtı çatıb...

Rövşən RƏSULOV

P.S. Maraqlıdır, görəsən separatçıların caynaqlarından qurtulmaq üçün Azərbaycan hərbçilərinin nəzarətləri altındakı bölgələrə gəlmək və ölkəmizin pasportunu daşımaq istəyən ermənilər olarsa, RSK yenədəmi onları geriyə qaytarıb “artsax” adlı quldur rejimin “orqanlarına” təslim edəcəklər? Axı bildiyimiz kimi, belə hadisələr bir neçə dəfə baş verib (?)