Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq proseduru hazırlayır

14 Yanvar 2022 14:38 (UTC+04:00)

QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Mədəniyyət Nazirliyində layihələrin hazırlanmasında QHT-lərlə əməkdaşlıq proseduru hazırlanır. SİA xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, layihəyönümlülüyün vacib mərhələsi layihə sənədidir: “Artıq hər bir təklif, hər bir təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu layihə sənədi bütün tərəflərlə müzakirə ediləcək. Bizim bu gün tətbiq etdiyimiz proses və prosedur nazirlikdaxili layihələrə aiddir. Eyni zamanda bizim paralel olaraq QHT-lərlə əməkdaşlığımız da layihə idarəçiliyi çərçivəsində görülür. Bu istiqamətdə də hazırlıq aparılır və yaxın zamanlarda o prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi idarəçiliyin təkmilləşdirilməsi ilə məşğul olsun. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bu gündən etibarən isə layihəyönümlüyə keçiririk. Bütün tərəfdaşlarla əməkdaşlığımızı o cümlədən QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və o fəaliyyətdə iştirak edən bütün tərəflər o layihədən xəbərdardır. Bu ümumi koordinasiyanı gücləndirəcək, eyni zamanda şəffaflıq yaradacaq.

Korporativ dünyadan fərqli olaraq Mədəniyyət Nazirliyinin qarşısında müəyyən öhdəliklər var. Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki cəmiyyət qarşısında öhdəliklərimiz var. Bu öhdəlik mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub. Bundan sonra layihələrin hazırlanması bizim illik fəaliyyət planına uyğun olacaq".