AZƏRBAYCAN-TÜRKİYƏ: TƏKRAR OLUNAN QARDAŞLIQ TARİXİ! ANALİTİK+AKTUAL

14 Yanvar 2022 13:50 (UTC+04:00)

“Bir millət, iki dövlət” doktrinası qarşılıqlı münasibətlərimizin lokomotividir

Dünya tarixində bəlkə də bir-birləri ilə yaxın dostluq münasibətləri olan dövlətlər az deyil, lakin bu dövlətlərin içində ikisi var ki, onların əzəli-əbədi qardaşlıq bağları bütövlükdə bəşəriyyətə olan bariz nümunə, etalon olaraq göstərilə bilər – bu, Azərbaycan və Türkiyə dövlətləridir. Bəşəri tariximizin dərin köklərinə, təməllərinə söykənən bu iki qardaş ölkələr daha hansı sınaqlardan, burulğanlardan çıxmayıb ki... Ancaq hər şeyə rəğmən, ayaqda dayanaraq kürəklərini bir-birinə söykəyiblər, çətinliklərə sinə gəriblər və bu gün regionun aparıcı dövlətləri olaraq həm də söz sahibidirlər. Tariximiz də məhz bu gerçəkliyi izhar edir.

Çanaqqalada, Geliboluda çiyin-çiyinə uyuyan qardaş şəhidlər

Azərbaycan ilə Türkiyə xalqları arasında qardaşlıq əlaqələrinin daha dərin və tarixi inkişaf mərhələsi ötən əsrin əvvəllərinə təsadüf edir. Birinci Dünya müharibəsinin başlanması, həmçinin çar Rusiyasının parçalanması nəticəsində ortaya çıxan şərait xalqlarımızın bir-birinə yaxından dəstək olması zərurətini yaratdı. Dünyanın hərb tarixininə dərin izlər buraxmış və qəhrəmanlıqlardan doğmuş zəfər təcəssümü kimi qiymətləndirilən Çanaqqala döyüşlərində türklərlə yanaşı, azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşlərdə şücaətlər göstərdilər, şəhid oludlar. Bu gün həmin şəhidlər Çanaqqala şəhidliyində çiyin-çiyinə uyuyurlar.

Eyni zamanda, Balkan savaşlarında, Türkiyənin İstiqlal mücadiləsində də yüzlərlə azərbaycanlı qardaş yardımına getmiş və döyüşərək müqəddəs amal uğrunda canlarından keçmişlər. Çanaqqalada olduğu kimi, Geliboludakı türk şəhidliyi məzarlıqlarında da azərbaycanlılara aid qəbirlər türk zəfərlərində bizim də izimizin olmasını tarixi faktları ilə təsdiqləyir.

Bakı şəhidliyi, qardaşlıq məzarlığı, qürur abidəsi!

Bütün bunların müqabilində Türkiyə də heç vaxt Azərbaycandakı qardaşlarından öz yardımlarını, dəstəklərini köməklərini əsirgəməyib. 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada böyük qəhrəmanlıq tarixi yazıblar. Müstəqil, demokratik Azərbaycan dövlətinin qurulması yönündə başladılan mübarizədə qeydə alınan tarixi faktlar da qeyd olunanları təsdiq edir. Məhz Nuru paşanın ordusunun gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alındı. Həmin vaxt Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin işğalından qurtarmaq, insanlarımızın kütləvi soyqırımının qarşısını almaq üçün xeyli sayda türk əsgəri şəhid oldular. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdığı məzarlığı müqəddəs ocaq kimi qoruyub saxlayıb. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin, məhz Azərbaycanın qürur yeri olan Şəhidlər xiyabanında ucaldılması Türkiyə və Azərbaycan xalqlarının hər zaman birlikdə olduqlarının daha bir təsdiqidir.

Düzdür, sonrakı illərdə, yəni SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmağa çalışıdılar, lakin bütün bu çətinliklərə rəğmən, istər Azərbaycanda, istərsə də Türkiyədə yaşayan xalqlarımız bu sevgilərini qəlblərində davam etdirdilər, yaşatdılar, çünki bilirdilər ki, tarix bir daha təkrar olunacaq!

Böyük Mustafa Kamal Paşa Atatürkdən Ulu Öndər Heydər Əliyevə qədər uzanan tarixi missiya

Və həmin tarix təkrar olundu - XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqillik qazandıqdan, suveren dövlət qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə oldu. Türk xalqının Atası, Böyük Mustafa Kamal Paşa Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamından güc alan rəsmi Ankara qardaş Bakıya hər cür mənəvi və əməli dəstək verməyə başladı. Hətta belə də ifadə edə bilərik. Bütün bunlar Atatürkdən Heydər Əliyevə qədər uzanan missiyanın əsas hissələri idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından və yenidən itirilmək təhlükəsi ilə üzləşən dövlətimizi xilas etməsindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət, iki dövlət” mərhələsinin əsasını qoymağa başladı.

Ancaq daha bir mühüm tarixi və şərəfli faktı da xatırlatmaq vacibdir-Türkiyənin blokadada olan Naxçıvan xalqına nəfəs verməsi, “Ümid körpüsünü” açması reallığı! Bu reallıq dillərdə əzbər olan bir dastana çevrildi. Tarixi missiya da məhz bunlara söykənirdi.

Süleyman Dəmirəl: “Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik”

Dili, dini, ruhu bir olan iki xalqın bir-birinə qovuşması, yurddan-yurda, könüldən-könülə körpü salınması və agır blokada vəziyyətində olan Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi üçün atılan bu addım da qardaşlıq tariximizə qızıl hərflərlə yazılıb. Həmin tədbirdə Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl dünyanın diqqətini Türkiyə ilə Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək bu tarixi kəlamları səsləndirmişdi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.

Ulu Öndər Heydər Əliyev: “70 ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi”

Ulu Öndərimiz Heydər Əliyev isə öz çıxışında xalqlarımız arasında uzun illər davam edən həsrət və intizarın sona çatmasına işarə etmişdi: “Bu gün arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi”. Həmin dövrdə Naxçıvan MR Ali Məclisinin sədri olan, ulu öndər Heydər Əliyev imzaladığı qərarla Sədərək–Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçı­van Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etmişdir.

Türkiyədə güclü zəlzələnin baş verdiyi 1999-cu ildə Heydər Əliyev qardaş ölkəyə etdiyi səfər zamanı bəyan etmişdir ki, 17 avqust zəlzələsi Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. “Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada – Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir. Biz bir millətik”.

Məhz həmin günlər, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı.

Qardaş Türkiyə daim Azərbaycan xalqının diqqəti mərkəzindədir

Terrora uğramağın nə demək olduğunu yaxşı bilən Azərbaycan xalqı uzun illər türk qardaşlarının da eyni olaylarla qarşılaşdıqlarını anladıqları üçün hər zaman mənəvi dəstəyini əsirgəməmişdir. Qardaş ölkənin PKK və FETÖ terror təşkilatlarına qarşı apardığı antiterror əməliyyatlarında xalqımız daim öz dəstəyini ifadə etmişdir, bu gün də etməkdədir. 2015-ci ilin iyununda dövlət çevrilişinə cəhddə isə Azərbaycan Respublikasının Prezidenti Türkiyənin dövlət başçısına məktub ünvanlayaraq Azərbaycan dövlətinin qardaş Türkiyənin yanında olduğunu bəyan etmişdi. Qardaş Türkiyənin mövcud olduğu regiondakı sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədi ilə bu gün Suriyada, İraqda apardığı hərbi əməliyyatları da daim Azərbaycan xalqının diqqəti mərkəzindədir.

Eləcə də ötən ilin yay aylalrında Türkiyədə baş vermiş meşə yanğınları zamanı hadisə yerinə çoxsaylı yardım karvanları göndərildi. Peşəkar xilasedicilərimiz yanğınların qarşısının alınması istiqamətində mütəşəkkil formada iştirak ediblər.

Mənəvi dəstək qardaşlığından tarixi Şuşa Bəyannaməsinə

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstəyi də unutmaq əlbəttə ki, mümkün deyil. Müzəffər Silahlı Qüvvələrimizin zəfər yürüşünün hər dəqiqəsini Türkiyə bizimlə birlikdə yaşadı, türkiyə xalqı bizimlə monolit həmrəylik nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət nazirləri ilk gündən Azərbaycanı sona qədər dəstəkləyəcəklərini bildirdilər və biz bu dəstəyi anbaan hiss etdik. Bizə verilən mənəvi dəstək qardaşlığın gerçək təzahürünün göstəricisi kimi tarixə yazıldı və növbəti taxiri salnamənin – Şuşa Bəyannaməsinin imzalanması ilə təsdiqini tapmış oldu.

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”

Artıq qardaşlıq bağlarımız həm də rəsmi hərbi-strateji məqsədlər yönündə möhkəmləndirilir və həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bundan sonra tərəflərə qarşı istənilən arzuedilməz, yaxud fərqli münasibət nümayiş olunarsa, qarşısında iki qardaşı – Azərbaycanla Türkiyəni görəcək.

Rəcəb Tayyib Ərdoğan Bəyannamənin imzalanması mərasimində bu sözlərini ifadə etmişdir: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”.

Bakıda keçirilən Zəfər paradında iki qardaş ölkənin dövlət başçılarının çiyin-çiyinə hərbi tədbiri qəbul etmələri isə dünyaya bənzərsiz birlik, mütəşəkkillik nümunəsini sərgiləmiş oldu.

O cümlədən, qeyd etmək yerinə düşərdi ki, Türk Dövlətləri Şurası çərçivəsində də mövcud olan qardaşlıq bağları həm də Böyük Türk Dünyasının - Turan ideyasının ideyadan reallığa çevirlməsi faktorunu önə sürür. Daha dəqiq desək, bu gün Qafqazı və Asiyanı cəmləşdirən türdilli dövlətlərin bir çətir altında birləşmələri mümkünlüyü elə də uzaqda deyil.

Prezident İlham Əliyev: “Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur”

Artıq iki dövlətin diplomatik əlaqələr qurmasının 30-cu ildönümünü yaşayırıq və bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Məktubda vuğrulanır ki, 1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: “Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır. Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir”.

Qeyd edilir ki, keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub.

"Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu əlamətdar tarixi ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı bir daha səmimiyyətlə təbrik edən dövlətimizin başçısı ona möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Beləliklə, rəsmi diplomatik münasibətlərimizin 30-cu ildönümünü tamamalayaraq qarşıdan növbəti onilliklərə doğru inamla irəliləmək növbəsi gəlir və əslində, bir əsrdən çox tarixi zamanlara söykənən əbədi qardaşlıq tellərinin qırılmaz, sarsılmaz möhkəmliyə sahib olması isə bizlərin gələcəyə daha böyük inamla baxmağımıza kifayət qədər zəminlər yaradır. Bu zəminlərin bir hissəsi isə artıq gerçəklikdir!

Rövşən RƏSULOV